Fransa Mərakeşi məğlub edib yarımfinala yüksəldi

Fransa millisi DÇ-2026-nın 1/4 finalında Mərakeşi 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Qolları Kiliyan Mbappe və Usman Dembele vurub.

14

Fransa millisi DÇ-2026-nın 1/4 final mərhələsində Mərakeşi 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

MSNews.az xəbər verir ki, qarşılaşma ABŞ-ın Massaçusets ştatında, Boston yaxınlığındakı Foksboro şəhərində yerləşən “Gillette Stadium”da keçirilib. Fransa yığmasının heyətində Kilian Mbappe və Usman Dembele fərqlənib.

Oyunda ilk qol 60-cı dəqiqədə vurulub. Mbappe Mərakeş müdafiəsinin topu uzaqlaşdıra bilməməsindən yararlanaraq dəqiq zərbə ilə hesabı açıb. Bu, onun turnirdə 8-ci, ümumilikdə isə Dünya Çempionatlarında 20-ci qolu olub.

Fransa ikinci qolu cəmi altı dəqiqə sonra vurub. Mbappe hücum zamanı topu Dembeleyə ötürüb, “Les Bleus”un hücumçusu isə boş zonadan istifadə edərək fərqi iki topa çatdırıb.

Bununla belə, Mbappe üçün oyun tam problemsiz keçməyib. Birinci hissədə onun penalti zərbəsini Mərakeşin qapıçısı Yassin Bunu dəf edib. Daha sonra fransalı kapitan sağ ayaq biləyindən zərbə aldıqdan sonra əvəzlənib, lakin matçdan sonra ciddi problemin olmadığını bildirib.

Fransa görüş boyu üstün tərəf olub. Didye Deşamın komandası zərbələrdə 21:4, qapıya dəqiq zərbələrdə isə 8:1 üstünlük əldə edib. Mərakeşin baş məşqçisi Mohamed Ouahbi oyundan sonra komandasının hücum keçidlərində yetərincə effektli olmadığını etiraf edib.

Bu qələbə ilə Fransa ardıcıl üçüncü Dünya Çempionatında yarımfinala yüksəlib. Komanda növbəti mərhələdə İspaniya — Belçika cütünün qalibi ilə qarşılaşacaq. Yarımfinal oyununun Dallasda keçirilməsi planlaşdırılır.

Mərakeş isə mundialla 1/4 finalda vidalaşıb. Qeyd edək ki, tərəflər 2022-ci il Dünya Çempionatında da üz-üzə gəlmişdi və həmin vaxt Fransa yarımfinalda Mərakeşi eyni hesabla — 2:0 məğlub etmişdi.