Almaniya kansleri Fridrix Mertsin milli komandanın dünya çempionatından kənar qalmasından sonra etdiyi paylaşım ölkədə müzakirələrə səbəb olub.
MSNews.az xəbər verir ki, Merts Almaniyanın Paraqvaya uduzaraq DÇ-2026 ilə vidalaşmasından sonra sosial şəbəkədə yığmaya dəstək mesajı paylaşıb.
“Tagesspiegel” yazır ki, kansler oyundan təxminən yarım saat sonra “X” hesabında bu sözləri yazıb:
“Məğlubiyyət ağrılı olsa da, nə oyun idi! Bu dünya çempionatında fədakarlığınız və komanda ruhunuzla ölkəmizi sevindirdiniz. Sizinlə fəxr edirik”.
Lakin Almaniyada bu paylaşım birmənalı qarşılanmayıb. Çünki yığma turniri uğursuz başa vurub: qrup mərhələsində cəmi iki qələbə qazanıb, pley-offun ilk mərhələsində isə Paraqvaya uduzaraq mübarizəni dayandırıb.
Almaniya – Paraqvay oyununun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə Paraqvay 4:3 qalib gəlib. Bu, Almaniyanın mundial tarixində penaltilər seriyasında ilk məğlubiyyəti olub.
Mertsin “ölkəmizi sevindirdiniz” ifadəsi xüsusilə tənqid olunub. Almaniya mediası və sosial şəbəkə istifadəçiləri kanslerin mesajını reallıqdan uzaq və həddindən artıq nikbin hesab ediblər.
“The Guardian” yazır ki, Almaniya mətbuatı nəticəni “növbəti futbol kabusu” kimi qiymətləndirib. Nəşr Mertsin paylaşımını isə turnirdən sonrakı ən diqqətçəkən və ironik reaksiyalardan biri adlandırıb.
“Süddeutsche Zeitung” yazır ki, Mertsin ətrafından verilən məlumata görə, sözügedən paylaşım kansler tərəfindən əvvəlcədən təsdiqlənməyib və dərc zamanı səhv baş verib. Daha sonra kanslerin hesabında ikinci paylaşım edilib və “qələbəni birlikdə qeyd etdiyimiz kimi, məğlubiyyətdə də bir yerdə dayanmalıyıq” mesajı verilib.
Almaniya futbolunda isə əsas müzakirə baş məşqçi Yulian Nagelsmannın gələcəyi ilə bağlıdır. Ardıcıl üçüncü mundialda uğursuz nəticə ölkə futbolunda sistemli problemlər barədə debatları yenidən gücləndirib.