“Əl-Qaidə” ilə əlaqəli JNIM hərəkatının Malinin hərbi rəhbərliyi barədə məlumat üçün milyonlarla avro mükafat elan etdiyi bildirilir.
MSNews.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, “Jama’a Nusrat ul-Islam wa al-Muslimin” — JNIM ölkənin hərbi rəhbəri Assimi Qoytanın olduğu yer barədə məlumata görə 2 milyon avro təklif edib.
Agentlik yazır ki, hərəkat polkovnik Lassina Diallo və general Malik Dikko barədə məlumat üçün də ayrı-ayrılıqda 1 milyon avro mükafat elan edib. Beləliklə, açıqlanan ümumi məbləğ 4 milyon avro təşkil edir.
Məlumata əsasən, bəyanat cihadçı qrupların fəaliyyətini izləyən “SITE Intelligence Group” tərəfindən paylaşılıb. JNIM Malidəki hərbi hakimiyyəti “qanunsuz” adlandırıb. Hələlik Mali rəhbərliyindən bu açıqlama ilə bağlı rəsmi cavab barədə məlumat yoxdur.
“ABŞ Milli Antiterror Mərkəzi” JNIM-i Qərbi Afrikada fəaliyyət göstərən, “Əl-Qaidə”nin qlobal zorakı ekstremist ideologiyası ilə əlaqəli təşkilat kimi xarakterizə edir. Qrup əsasən Mali və Burkina-Fasoda fəaliyyət göstərir, həmçinin Niger və Qərbi Afrikanın digər bölgələrində aktivlik göstərir.
Hadisə Malidə təhlükəsizlik böhranının dərinləşdiyi bir vaxtda baş verir. Assimi Qoyta 2020 və 2021-ci illərdəki hərbi çevrilişlərdən sonra ölkədə hakimiyyəti ələ keçirib. Son illərdə Mali hakimiyyəti silahlı qruplara qarşı mübarizəni gücləndirsə də, JNIM və digər qrupların fəaliyyəti Sahel bölgəsində sabitlik üçün ciddi təhlükə olaraq qalır.