Tunis millisində İsveçə ağır məğlubiyyətdən sonra baş məşqçi böhranı yaşandığı iddia olunur.
MSNews.az xəbər verir ki, fransalı jurnalist Romen Molina Tunis millisinin baş məşqçisi Sabri Lamouşinin Dünya Kubokunun gedişində postundan uzaqlaşdırıldığını yazıb. Məlumata görə, qərar “F” qrupunun ilk turunda İsveçə 1:5 hesablı məğlubiyyətdən sonra qəbul olunub.
“Reuters”in məlumatına görə, İsveç Tunisə qarşı oyunda inamlı qələbə qazanıb. İsveçin heyətində Yasin Ayari dubl edib, Aleksander İsak, Viktor Gyökeres və Mattias Svanberg də fərqləniblər. Tunisin yeganə qolunu Omar Rekik vurub.
Matçdan sonra Sabri Lamouşi komandasının çoxlu səhvə yol verdiyini bildirib. “Reuters” yazır ki, mütəxəssis bu cür səhvlərin Dünya Kubokunda baha başa gələ biləcəyini vurğulayıb.
Bununla belə, Tunisin Futbol Federasiyası hələlik Lamouchinin göndərilməsi ilə bağlı rəsmi açıqlama yaymayıb. Bu səbəbdən məlumat hazırda rəsmi təsdiqini tapmayan iddia kimi qiymətləndirilir.
Lamouşi Tunis millisinin baş məşqçisi vəzifəsinə 2026-cı ilin yanvarında təyin olunmuşdu. “Reuters” həmin vaxt onun müqaviləsinin 2028-ci ilin iyuluna qədər nəzərdə tutulduğunu yazmışdı.
Tunis “F” qrupunda növbəti oyunlarını Yaponiya və Niderlanda qarşı keçirəcək. Komandanın baş məşqçi məsələsi ilə bağlı rəsmi qərarın yaxın saatlarda açıqlana biləcəyi gözlənilir.