Uruqvay millisinin ABŞ-a uçuşu gecikdi

Uruqvay millisinin DÇ-2026-da Səudiyyə Ərəbistanı ilə oyun öncəsi ABŞ-a uçuşu sənəd və icazə problemi səbəbindən bir neçə saat gecikib.

18

Uruqvay millisinin FIFA Dünya Kubokundakı ilk oyun öncəsi ABŞ-a səfəri gözlənilməz gecikmə ilə üzləşib.

MSNews.az xəbər verir ki, Uruqvay yığması Meksikanın Kankun şəhərindən ABŞ-a uçmalı olsa da, sənədləşmə və uçuş icazəsi ilə bağlı problem səbəbindən komandanın səfəri bir neçə saat təxirə düşüb.

Reuters”in məlumatına görə, FIFA gecikmənin Meksikada hava yolu şirkəti ilə bağlı icazə xətası səbəbindən baş verdiyini açıqlayıb. Qurum bildirib ki, məsələ zamanı Uruqvay tərəfi ilə daimi əlaqə saxlanılıb və prosesin mümkün qədər tez həll edilməsi üçün aeroport və əməliyyat tərəfdaşları ilə işlənilib.

Bununla belə, Uruqvay Futbol Assosiasiyası hadisəyə görə FIFA-nı məsul tutub. “The Guardian” yazır ki, sənəd problemi komandanın hazırlıq planına təsir edib və heyətin Mayamiyə gəlişi bir neçə saat gecikib.

Fransalı jurnalist Romen Molina da sosial şəbəkədə Uruqvay millisinin təyyarəsinin ABŞ-a giriş üçün lazımi icazəni ala bilmədiyini, bunun isə komandanın proqramını pozduğunu bildirib.

Gecikmə Marselo Byelsanın oyunöncəsi mətbuat konfransına da təsir edib. Bir sıra mənbələr konfransın təxirə salına və ya formatının dəyişdirilə biləcəyini yazıblar. “New York Post”un məlumatına görə, komandanın Mayamiyə gəlişi Səudiyyə Ərəbistanı ilə matça 24 saatdan az vaxt qalmış baş tutub.

Uruqvayın müdafiəçisi Xose Mariya Ximenes vəziyyətin çətin olduğunu, lakin komandanın vaxtdan istifadə edərək hoteldə istirahət etməyə çalışdığını deyib. Baş məşqçi Marselo Byelsa isə gecikmənin komandaya ciddi mənfi təsir göstərmədiyini bildirib.

Uruqvay Səudiyyə Ərəbistanı ilə DÇ-2026-nın “H” qrupundakı ilk oyununu Mayamidə keçirəcək. Qrupda həmçinin İspaniya və Kabo-Verde milliləri yer alır.