İranın “Mehr” agentliyi ABŞ və İran arasında müzakirə olunan Qarşılıqlı Anlaşma Memorandumunun 14 bəndlik layihəsinin detallarını açıqlayıb.
MSNews.az xəbər verir ki, “Mehr”in məlumatına görə, sənəd müharibənin dayandırılması, ABŞ-ın İranın daxili işlərinə qarışmaması, dəniz blokadasının aradan qaldırılması, Hörmüz boğazının açılması və neft satışına tətbiq edilən sanksiyaların dayandırılması kimi məsələləri əhatə edir.
Agentliyin yaydığı məlumata əsasən, layihənin ilk bəndində Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi dayandırılması nəzərdə tutulur. Digər bəndlərdə ABŞ-ın İran İslam Respublikasının suverenliyinə hörmət etməsi və İranın daxili işlərinə qarışmamaq öhdəliyi yer alır.
Layihədə ABŞ-ın 30 gün ərzində İran limanlarına tətbiq edilən dəniz blokadasını tam aradan qaldırması, qoşunlarını İrana yaxın bölgələrdən çıxarması və Hörmüz boğazının İranın müəyyən edəcəyi mexanizmlər əsasında yenidən açılması qeyd olunur.
“Mehr” yazır ki, sənəddə neft və neft-kimya məhsullarının satışına tətbiq edilən sanksiyaların dayandırılması, İranın maliyyə resurslarına çıxışının bərpası, həmçinin ABŞ və müttəfiqləri tərəfindən ən azı 300 milyard dollarlıq yenidənqurma planlarının təqdim edilməsi də nəzərdə tutulur.
Bundan əlavə, 60 günlük yekun danışıqlar dövründə İranın bloklanmış 24 milyard dollar vəsaitinin mərhələli şəkildə buraxılması təklif olunur. Məbləğin yarısının yekun danışıqlar başlamazdan əvvəl İranın sərəncamına verilməsi layihənin əsas şərtlərindən biri kimi göstərilir.
Sənəddə İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində nüvə silahı istehsal etməmək öhdəliyini bir daha təsdiqləməsi, ABŞ-ın isə danışıqlar müddətində yeni sanksiyalar tətbiq etməməsi və regiondakı hərbi mövcudluğunu artırmaması nəzərdə tutulur.
Layihədə həmçinin sazişin icrasına nəzarət mexanizminin yaradılması və yekun razılaşmanın BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənməsi təklif edilir.
Bununla belə, sənəd hələ yekun və tam imzalanmış razılaşma kimi təqdim olunmur. “Mehr”in digər məlumatında qeyd edilir ki, memorandumla bağlı son qərar hazırda İranın müvafiq qurumlarında müzakirə olunur.