Çində küçədə “dilənən” humanoid robot gündəm oldu

Çində küçədə kömək istəyən insanı təqlid edən humanoid robotun görüntüləri sosial şəbəkələrdə viral olub. Robotun QR kod vasitəsilə ianə topladığı bildirilir.

11

Çində küçədə “dilənən” humanoid robotun görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

MSNews.az xəbər verir ki, “Moneycontrol” viral görüntülərə istinadən humanoid robotun yol kənarında diz çökərək yoldan keçənlərdən yardım istədiyini yazıb. Videoda robotun insanın yalvarış jestlərini təqlid etdiyi və piyadalara doğru əl hərəkətləri etdiyi görünür.

Məlumata görə, robotun üzərində rəqəmsal ödəniş üçün QR kod da olub. Sosial şəbəkələrdə yayılan iddialarda onun ianələri elektron ödəniş vasitəsilə qəbul edə bildiyi bildirilir.

Inshorts” da görüntülərin Çində çəkildiyini və robotun küçədə pul istəməsi ilə gündəmə gəldiyini yazıb. Lakin robotun hansı şəhərdə göründüyü, kimə məxsus olduğu və hansı məqsədlə küçəyə çıxarıldığı hələlik dəqiqləşməyib.

Sosial şəbəkə istifadəçiləri görüntülərə yumorla yanaşı, narahatlıqla da reaksiya veriblər. Bəziləri bunu süni intellekt və robotların gündəlik həyata daxil olmasının ironik nümunəsi kimi qiymətləndirib, digərləri isə bunun sadəcə marketinq kampaniyası və ya sosial eksperiment ola biləcəyini bildirib.

“Moneycontrol” qeyd edir ki, hadisə Çində humanoid robot texnologiyalarına marağın sürətlə artdığı dövrə təsadüf edir. Ölkədə bir sıra şirkətlər robotları sənaye, xidmət, logistika və ictimai məkanlarda istifadə üçün inkişaf etdirir.

Ekspertlər isə bildirirlər ki, viral görüntülərdəki robotlar hələ insanların əksər işlərini əvəz edəcək səviyyədə deyil. Belə nümayişlərin bir çoxu əvvəlcədən hazırlanmış ssenari, məhdud mühit və ya uzaqdan idarəetmə əsasında həyata keçirilə bilər.