Nyu-Yorkun “Times Square” meydanında DÇ-2026 üçün xüsusi şüşə izləmə kubu qurulub.
MSNews.az xəbər verir ki, “Fox Corporation”ın rəsmi məlumatına əsasən, “FOX One”, “FOX Sports” və “Indeed” Austin Franklin və Kevin Akotonu “FOX One Chief World Cup Watchers” vəzifəsinə seçib. Onlar mundial boyunca bütün 104 oyunu “Times Square”-in mərkəzində xüsusi hazırlanmış şüşə kubdan canlı izləyəcəklər.
Hər iki azarkeş bu layihədə iştiraka görə 50 min dollar alacaq. Onların vəzifəsi yalnız oyunları izləmək deyil, həm də matçlar zamanı sosial şəbəkələr üçün reaksiya və məzmun hazırlamaq, azarkeşlərlə mundial atmosferini bölüşməkdir.
“FOX Sports”un məlumatında bildirilir ki, oyunlar “FOX One” platformasında 4K formatında yayımlanacaq. Franklin və Akotonun ilk iş günü iyunun 11-nə, DÇ-2026-nın açılış gününə təsadüf edib.
“Reuters” daha əvvəl yazmışdı ki, layihə “FOX Sports” və iş platforması “Indeed”in birgə kampaniyası çərçivəsində elan olunub. İlkin mərhələdə bir azarkeşin seçiləcəyi gözlənilsə də, müraciətlərin çoxluğu səbəbindən təşkilatçılar iki nəfəri seçməyə qərar veriblər.
Rəsmi açıqlamada izləmə kubunun “Times Square”-də futbol azarkeşləri və şəhər sakinləri üçün canlı mundial məkanına çevriləcəyi qeyd olunur. Sosial şəbəkələrdə yayılan görüntülərdə kubun içində oyun izləmə zonası, ekranlar və rahat istirahət şəraiti görünür. Qida və içki təminatı ilə bağlı detallar isə rəsmi açıqlamada ayrıca geniş izah olunmayıb.