Meksika DÇ-2026-ya qələbə ilə başladı

Meksika millisi DÇ-2026-nın açılış oyununda Cənubi Afrika Respublikasını 2:0 hesabı ilə məğlub edib. Qarşılaşmada üç futbolçu qırmızı vərəqə alıb.

24

Meksika millisi ev sahibliyi etdiyi DÇ-2026-ya Cənubi Afrika Respublikası üzərində qələbə ilə başlayıb.

MSNews.az xəbər verir ki, Mexikodakı “Estadio Azteca” stadionunda keçirilən “A” qrupu matçında Meksika CAR-a 2:0 hesabı ilə qalib gəlib.

Meydan sahiblərinin ilk qolunu 9-cu dəqiqədə Xulian Kinonyes vurub. İkinci hissədə isə Raul Ximenez 67-ci dəqiqədə başla fərqlənərək hesabı 2:0 edib.

Qarşılaşma sərtliyi ilə də yadda qalıb. Oyun protokoluna əsasən, CAR futbolçuları Sfefelo Sitole və Temba Zvane qırmızı vərəqə alaraq meydandan qovulublar. Meksika millisindən isə əlavə vaxtda Sezar Montes qırmızı vərəqə ilə cəzalandırılıb.

Opta Analyst” yazır ki, bu oyun dünya çempionatları tarixində üç qırmızı vərəqənin göstərildiyi beşinci qarşılaşma olub. Bundan əvvəl mundialda bu qədər qırmızı vərəqə sonuncu dəfə 2006-cı ildə Niderland – Portuqaliya matçında qeydə alınmışdı.

CAR hücumda demək olar ki, təhlükə yarada bilməyib. “Opta Analyst”in statistikasına görə, Afrika təmsilçisi cəmi 3 zərbə endirib və 0.07 xG göstəricisi ilə oyunu başa vurub. Meksika isə 16 zərbə, 1.41 xG və rəqib cərimə meydançasında 20 toxunuşla üstün tərəf olub.

Bu qələbə ilə Meksika DÇ-2026-ya uğurlu start verib. Komanda növbəti oyununu Cənubi Koreyaya qarşı keçirəcək, CAR isə Çexiya ilə qarşılaşacaq.