ABŞ və İran razılaşmaya yaxınlaşır

Donald Tramp İranla razılaşmanın həftəsonu Avropada imzalana biləcəyini bildirib. “Axios”a görə, sənəd Hörmüz boğazının açılması, sanksiyaların yumşaldılması və 60 günlük danışıqları nəzərdə tutur.

28

ABŞ və İran arasında gərginliyin azaldılması üçün hazırlanan ilkin razılaşma sənədinin imzalanmağa yaxın olduğu bildirilir.

MSNews.az xəbər verir ki, “Axios” jurnalisti Barak Ravid mənbələrə istinadən Vaşinqton və Tehranın ilkin anlaşma mətnini razılaşdırdığını, lakin İran tərəfdən yekun təsdiqin hələ tam verilmədiyini yazıb. Məlumata görə, danışıqlar Qətər və Pakistanın vasitəçiliyi ilə aparılıb və mümkün sənəd “İslamabad razılaşması” adlandırıla bilər.

“Axios”un məlumatına əsasən, sənəd Hörmüz boğazının dərhal açılmasını, 30 gün ərzində gəmiçilik həcminin müharibədən əvvəlki səviyyəyə qaytarılmasını, ABŞ blokadasının aradan qaldırılmasını və İran üçün sanksiya güzəştlərinin mərhələli tətbiqini nəzərdə tutur. Razılaşma həmçinin 60 günlük atəşkəs müddətində İranın nüvə proqramı ilə bağlı danışıqların davam etdirilməsini əhatə edir.

Donald Tramp isə jurnalistlərə açıqlamasında razılaşmanın “demək olar ki, hazır” olduğunu və imzalanmanın həftəsonu Avropada baş tuta biləcəyini bildirib. “Reuters” yazır ki, Tramp planlaşdırılan zərbələri ləğv etdiyini və İranla danışıqlarda irəliləyiş olduğunu deyib. Onun sözlərinə görə, razılaşma imzalanacağı halda ABŞ blokadanı ləğv edəcək.

Bununla belə, Tehran tərəfi yekun razılaşma iddialarına ehtiyatlı yanaşır. “The Guardian”ın məlumatına görə, İran Xarici İşlər Nazirliyi yekun qərarın hələ qəbul olunmadığını bildirib. İranın yarı-rəsmi “Fars” agentliyi də razılaşma mətninin təsdiqlənmədiyini yazıb.

Səudiyyənin “Al Arabiya” telekanalı daha əvvəl ilkin memorandum layihəsinin 60 günlük atəşkəs, Hörmüz boğazının yenidən açılması, İranın neft ixracına müəyyən imkanların yaradılması və nüvə danışıqlarının davam etdirilməsi kimi bəndləri əhatə etdiyini bildirmişdi.

Razılaşma xəbərləri dünya neft bazarına da təsir edib. “Reuters”in məlumatına görə, Trampın zərbələri ləğv etməsi və mümkün sülh razılaşması ilə bağlı açıqlamalarından sonra “Brent” markalı neftin qiyməti 89 dollardan aşağı düşüb. Agentlik qeyd edir ki, bazarlar hərbi eskalasiya riskinin azalmasını müsbət qarşılayıb, lakin analitiklər razılaşmanın hələ kövrək olduğunu və tam imzalanmadığını vurğulayırlar.

Hazırda əsas qeyri-müəyyənlik İranın yekun siyasi təsdiqi, dondurulmuş İran aktivlərinin taleyi və nüvə proqramı ilə bağlı gələcək danışıqların mexanizmi ətrafında qalır.