Papa XIV Leo “Real Madrid” və “Barselona” arasındakı seçimlə bağlı suala zarafatla cavab verərək şəxsi simpatiyasının Madrid klubuna olduğunu bildirib.
MSNews.az xəbər verir ki, “Associated Press”in məlumatına görə, pontifik İspaniyaya səfəri zamanı təyyarədə jurnalistlərlə söhbətində futbolla bağlı suala da cavab verib. Jurnalist ondan “Real Madrid, yoxsa Barselona?” deyə soruşub.
Papa XIV Leo cavabında bildirib ki, bu sual “asan”dır. O, pontifik kimi bütün komandaları dəstəklədiyini, lakin Papa seçilməzdən əvvəlki adı ilə Robert Prevostun “Real Madrid” azarkeşi olduğunu deyib. “El País” yazır ki, Papa bunu yumorla ifadə edib və əlavə detal verməyib.
Bu açıqlama pontifikin İspaniyaya apostol səfəri fonunda diqqət çəkib. Vatikanın rəsmi proqramına görə, Papa XIV Leonun İspaniya səfəri 6-12 iyun tarixlərini əhatə edir. O, Madrid, Barselona və Kanar adalarında müxtəlif dini, ictimai və rəsmi görüşlər keçirəcək.
“Real Madrid”in rəsmi saytında yer alan məlumata görə, iyunun 8-də “Santiago Bernabeu” stadionunda Papa XIV Leo ilə Madrid yeparxiya icması arasında görüş keçiriləcək. Tədbirin yerli vaxtla saat 19:00-da başlaması planlaşdırılır.
Papanın “Bernabeu” səfəri “Real Madrid”də prezident və Direktorlar Şurası seçkilərindən bir gün sonraya təsadüf edir. “Real Madrid”in məlumatına görə, klub seçkiləri iyunun 7-də “Ciudad Real Madrid”də keçirilir və səsvermə yerli vaxtla saat 09:00-dan 20:00-dək davam edir.