Afrikadan Avropaya yeni qaz kəməri tikilir

Nigeriya, Niger və Əlcəzair Trans-Sahara Qaz Kəməri layihəsində yeni mərhələyə keçib. 4 128 kilometrlik kəmər Avropaya ildə 30 milyard kubmetrədək qaz nəql etməyi hədəfləyir.

20

Afrikadan – Nigeriya, Niger və Əlcəzair – Avropaya təbii qaz tədarükünü artırmaq məqsədi daşıyan Trans-Sahara Qaz Kəməri layihəsində yeni mərhələyə keçib.

MSNews.az xəbər verir ki, “Sonatrach” iyunun 4-də Əlcəzairin Adrar vilayətinin Aulef bölgəsində Trans-Sahara Qaz Kəmərinin Əlcəzair seqmenti üzrə tikinti işlərinin rəsmi başladığını açıqlayıb. Mərasimdə Əlcəzairin karbohidrogenlər naziri Məhəmməd Arkab, Nigeriyanın qaz üzrə dövlət naziri Ekperikpe Ekpo və Nigerin neft naziri Hamadu Tini iştirak ediblər.

Layihə Nigeriyadan başlayaraq Niger üzərindən Əlcəzairə, oradan isə Aralıq dənizi sahilindəki ixrac infrastrukturu vasitəsilə Avropa bazarlarına qaz nəqlini nəzərdə tutur.Kəmərin ümumi uzunluğu 4128 kilometr olacaq və onun illik nəqletmə gücü 30 milyard kubmetrədək təbii qaz təşkil edəcək.

Anadolu Agentliyi” yazır ki, layihənin Nigeriya hissəsi 1185 kilometr, Niger hissəsi 720 kilometr, Əlcəzair hissəsi isə 2424 kilometr uzunluğunda olacaq. Əlcəzair seqmentinin 1210 kilometrlik yeni hissəsi Niger sərhədindən ölkənin cənubundakı Aulef bölgəsinədək uzanacaq. Qalan hissədə isə mövcud qaz infrastrukturu və nəqliyyat şəbəkələrindən istifadə olunacaq.

“Sonatrach”ın məlumatına görə, Trans-Sahara Qaz Kəməri Əlcəzair ərazisində Trans-Sahara magistral yolunun dəhlizi boyunca keçəcək və Hassi Rmel qaz habına birləşdiriləcək. Hassi Rmel Afrikanın ən böyük qaz mərkəzlərindən biri hesab olunur və buradan qazı Əlcəzairin milli qaz nəqli şəbəkəsinə, həmçinin Avropaya xidmət edən ixrac infrastrukturuna yönəltmək mümkündür.

Business Insider Africa”ın məlumatına görə, layihə Avropanın enerji mənbələrini şaxələndirməsi fonunda xüsusi əhəmiyyət daşıyır. Rusiya qazından asılılığın azaldılması məqsədilə Avropa ölkələri son illərdə Şimali Afrika, Yaxın Şərq, ABŞ və digər regionlardan alternativ tədarük marşrutlarına daha çox diqqət ayırır.

Layihənin icrası Nigeriyanın “NNPC”, Nigerin “SONIDEP” və Əlcəzairin “Sonatrach” şirkətləri arasında əməkdaşlıq çərçivəsində aparılır. Rəsmi açıqlamalarda Trans-Sahara Qaz Kəməri həm Afrika qitəsi daxilində enerji inteqrasiyası, həm də Afrika qazının beynəlxalq bazarlara çıxarılması baxımından strateji layihə kimi təqdim olunur.

Bununla belə, layihənin tam icrası üçün maliyyələşmə, təhlükəsizlik və regional sabitlik məsələləri mühüm risklər olaraq qalır. Kəmər Niger və Sahel bölgəsindən keçəcəyi üçün təhlükəsizlik şəraiti, logistika və sərmayə təminatı layihənin gələcək tempinə təsir göstərə bilər.