Xarici biznes Kubanı tərk edir

Kubada dərinləşən iqtisadi böhran və ABŞ sanksiyalarının sərtləşməsi fonunda xarici şirkətlər adadakı fəaliyyətlərini azaldır. "Visa" və "Mastercard" əməliyyatları dayandırılır, iri hotel və mədən şirkətləri isə Kuba bazarından çəkilir.

17

Kubada dərinləşən iqtisadi böhran və ABŞ sanksiyalarının sərtləşməsi fonunda xarici biznesin adadan çıxışı sürətlənib.

MSNews.az xəbər verir ki, “The Wall Street Journal”ın məlumatına görə, beynəlxalq şirkətlər Kubada işləməyin risklərinin mümkün gəlirləri üstələdiyi qənaətinə gəlir. Nəşr yazır ki, maliyyə, turizm və mədən sektorlarında fəaliyyət göstərən bir sıra xarici şirkətlər ölkədəki əməliyyatlarını dayandırır və ya əhəmiyyətli dərəcədə azaldır.

Reuters”in məlumatına görə, Kuba iyunun 6-dan etibarən “Visa” və “Mastercard” kartları ilə əməliyyatları dayandırır. Kuba Mərkəzi Bankı bildirib ki, kart əməliyyatlarını emal edən xarici tərəfdaş ABŞ-ın mayın 1-də qəbul etdiyi yeni sanksiya qərarından sonra fəaliyyətini məhdudlaşdırıb. Nəticədə ölkə beynəlxalq kartlarla mal və xidmət satışından gəlir qəbul etmək imkanını itirir.

Agentlik qeyd edir ki, kart əməliyyatları tarixən xarici bank və Kubanın hərbi strukturları ilə əlaqələndirilən GAESA konqlomeratına bağlı “Fincimex” şirkəti üzərindən həyata keçirilirdi. ABŞ administrasiyası GAESA-nı turizm, maliyyə əməliyyatları, pul köçürmələri və logistika kimi gəlirli sahələrdən əldə olunan vəsaitləri hərbi və siyasi elitanın xeyrinə yönəltməkdə ittiham edir. Havana isə bu iddiaları rədd edir və GAESA-nın ölkənin iqtisadi-sosial inkişafına töhfə verdiyini bildirir.

Turizm sektorunda da ciddi geriçəkilmə müşahidə olunur. “Euronews” yazır ki, İspaniyanın “Meliá” hotel şəbəkəsi Kubada 15 otelin idarəçiliyini dayandırıb. “Iberostar” isə iyunun 1-dən 12 oteldə fəaliyyətini dayandırıb. Hər iki qərar ABŞ-ın GAESA və onunla əlaqəli qurumlara qarşı təzyiqlərinin artması fonunda qəbul olunub.

El País”in məlumatına görə, “Meliá” və “Iberostar”ın tərk etdiyi otellər Kubanın hərbi strukturları ilə əlaqəli GAESA-ya məxsus obyektlərdir. Nəşr yazır ki, Kuba hökuməti müqavilələrin birtərəfli pozulmasına görə bu şirkətlərə qarşı hüquqi addımlar ata bilər. İspan hotel operatorları isə qərarlarını sanksiya riski ilə yanaşı, elektrik enerjisi, ərzaq, aviareyslər və turist axını ilə bağlı ciddi problemlərlə əsaslandırmağa çalışırlar.

Kanadanın “Sherritt International” şirkəti ilə bağlı vəziyyət də diqqət çəkir.AP”nin məlumatına görə, Kuba ilə 32 illik əlaqəsi olan Kanada mədən şirkəti ABŞ sanksiyalarının yaratdığı risklər fonunda “Gillon Capital” ilə nəzarət paketinin mümkün satışı barədə ilkin razılaşma imzalayıb. Şirkət daha əvvəl Kubadakı birgə müəssisələrdə birbaşa iştirakını dayandırmışdı.

Reuters” yazır ki, ABŞ may ayında GAESA və Kuba-Kanada mədən birgə müəssisəsi “Moa Nickel SA”ya qarşı yeni sanksiyalar tətbiq edib. Bu addımlar Kuba iqtisadiyyatının əsas gəlir mənbələrindən sayılan turizm, mədənçilik və maliyyə sektorlarına əlavə təzyiq yaradıb.

Kuba artıq uzun müddətdir enerji böhranı, yanacaq çatışmazlığı, elektrik kəsintiləri, ərzaq qıtlığı və turizm gəlirlərinin azalması ilə üzləşir. Xarici şirkətlərin ölkədən çıxması isə adanın valyuta axınını daha da zəiflədir. Turizm sektoru Kubanın əsas gəlir mənbələrindən biri hesab olunsa da, son illərdə ziyarətçi sayı pandemiyadan əvvəlki səviyyələrə qayıtmayıb.

Vaşinqton sanksiyaları Kuba hökumətinə siyasi və iqtisadi islahatlar üçün təzyiq vasitəsi kimi təqdim edir. Havana isə bu addımları ölkəyə qarşı iqtisadi müharibə və əhalinin gündəlik həyatını ağırlaşdıran siyasət kimi qiymətləndirir.