İran raketləri ABŞ-ın Qətərdəki hava əməliyyat mərkəzini vurub

ABŞ mediası İran raketlərinin Qətərdəki Əl-Udeyd aviabazasında yerləşən Birləşmiş Hava Əməliyyatları Mərkəzinə ciddi ziyan vurduğunu yazıb. Məlumata görə, obyekt əvvəlcədən boşaldıldığı üçün xəsarət alan olmayıb.

14

İran raketlərinin ABŞ-ın Qətərdəki Əl-Udeyd aviabazasında yerləşən Birləşmiş Hava Əməliyyatları Mərkəzinə — CAOC-a ciddi ziyan vurduğu iddia olunur.

MSNews.az xəbər verir ki, “Air & Space Forces Magazine” ABŞ-ın yüksək rütbəli rəsmisinə və hücum barədə məlumatlı şəxslərə istinadən yazıb ki, İran raketləri ABŞ-İran müharibəsinin ilk həftələrində CAOC-a birbaşa isabət edib və obyekti işlək vəziyyətdən çıxarıb.

Nəşrin məlumatına görə, zərbə zamanı mərkəz istifadə olunmurdu və hadisə nəticəsində xəsarət alan olmayıb. ABŞ hərbçiləri İranın Əl-Udeyd bazasını hədəfə ala biləcəyini əvvəlcədən nəzərə alaraq əməliyyatların idarə edilməsini Cənubi Karolinadakı Şou aviabazasından həyata keçiriblər.

Air & Space Forces Magazine” yazır ki, CAOC-a dəyən ziyanın miqyası indiyədək açıqlanmamışdı. Məlumata əsasən, zərər o qədər ciddi olub ki, ABŞ rəsmiləri obyektin yenidən bərpa edilməsinin məqsədəuyğun olub-olmadığını müzakirə edirlər. ABŞ Mərkəzi Komandanlığının — CENTCOM-un sözçüsü isə nəşrin sorğusuna cavab olaraq məsələni şərh etməyib.

ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərq üzrə komandanlığı olan “AFCENT”in rəsmi məlumatına görə, Əl-Udeyddəki CAOC ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasındakı hava əməliyyatlarının komanda və nəzarət mərkəzi funksiyasını daşıyır. Bu zona Şimal-Şərqi Afrikadan Yaxın Şərqə, oradan isə Mərkəzi və Cənubi Asiyaya qədər geniş regionu əhatə edir.

Mərkəz son 20 ildən artıq müddətdə ABŞ-ın regiondakı hava əməliyyatlarının planlaşdırılması və koordinasiyasında əsas rol oynayıb. Nəşrin məlumatına görə, CAOC Əfqanıstan, İraq, İŞİD-ə qarşı əməliyyatlar və Yəməndə husilərə qarşı hücumlar da daxil olmaqla bir sıra kampaniyaların idarə edilməsində istifadə olunub.

Reuters” fevral ayında peyk görüntülərinin təhlilinə əsasən yazmışdı ki, ABŞ qüvvələri İranla gərginlik artdığı dövrdə Əl-Udeyd bazasında Patriot hava hücumundan müdafiə sistemlərini mobil buraxılış qurğularına yerləşdirib. Agentlik həmin vaxt Əl-Udeydin ABŞ-ın Yaxın Şərqdəki ən böyük bazası olduğunu qeyd etmişdi.

The War Zone” isə daha əvvəl yazmışdı ki, Əl-Udeyd bazasının İranla coğrafi yaxınlığı və raket hücumları riski ABŞ komandanlığını daha möhkəmləndirilmiş və yeraltı obyektlər barədə düşünməyə vadar edib.

Hazırda CAOC-a dəyən ziyanın dəqiq həcmi və obyektin gələcək statusu barədə ABŞ tərəfindən rəsmi geniş açıqlama verilməyib. Bu səbəbdən məlumat ABŞ mediasının rəsmilərə istinadən yaydığı iddia kimi təqdim olunur.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.