Ermənistan Respublika Partiyasının sədr müavini, ölkənin keçmiş təhsil və elm naziri Armen Aşotyan 1 ay müddətinə həbs edilib.
MSNews.az xəbər verir ki, bu barədə Ermənistan dövlət agentliyi “Armenpress” Ermənistan İstintaq Komitəsinə istinadən məlumat yayıb. Bildirilib ki, Aşotyan rəsmi səlahiyyətlərdən sui-istifadə və “çirkli pulların yuyulması” ilə bağlı cinayət işi çərçivəsində həbs olunub.
Ermənistan İstintaq Komitəsinin rəsmi açıqlamasına görə, cinayət işi 2009-2016-cı illəri əhatə edən dövrdə Valeri Bryusov adına Yerevan Dövlət Dillər və Sosial Elmlər Universitetinə məxsus əmlakın dövlət mülkiyyətindən çıxarılması və sonradan həmin əmlakla bağlı maliyyə əməliyyatlarının aparılması iddiaları ilə bağlıdır. Ermənistan İstintaq Komitəsi bildirib ki, söhbət Yerevanın Puşkin küçəsində yerləşən, dəyəri 208 milyon 908 min 500 dram olan 451,1 kvadratmetrlik daşınmaz əmlakdan gedir.
İstintaqın versiyasına əsasən, əmlak universitetin tədris məqsədləri üçün istifadəsindən çıxarılıb və qeyri-tədris məqsədləri üçün başqa şəxslərin mülkiyyət dairəsinə keçirilib. Daha sonra həmin əmlakın real mənşəyinin və faktiki sahibinin gizlədilməsi məqsədilə formal alqı-satqı əməliyyatlarının aparıldığı iddia olunur.
“PanARMENIAN.Net” yazır ki, iş üzrə Armen Aşotyanla yanaşı keçmiş maliyyə naziri Qagik Xaçatryan, onun oğlu Artyom Xaçatryan, keçmiş müdafiə naziri Vigen Sarkisyan, Bryusov Universitetinin keçmiş rektoru Qayane Qasparyan, keçmiş prorektor Artur Ayvazyan və onlarla əlaqəli olduğu bildirilən Harutyun Tadevosyanın adı hallanır.
“News.am”ın məlumatına görə, Ermənistan İstintaq Komitəsi ümumilikdə 7 nəfər barəsində saxlanılma qərarı qəbul edib. Onlara qarşı rəsmi səlahiyyətlərdən sui-istifadə, bu əmələ yardım etmə, qrup halında xüsusilə külli miqdarda “çirkli pulların yuyulması” və bu cinayətə yardım etmə maddələri üzrə cinayət təqibi başlanılıb.
Bununla yanaşı, Ermənistan mediası Dövlət Əmlakının İdarə Edilməsi Departamentinin keçmiş rəhbəri, Ermənistan Respublika Partiyasının üzvü Arman Sahakyanın da həbs edildiyini yazıb. “Armenpress”in məlumatına görə, Sahakyan seçki rüşvəti ilə bağlı ayrıca cinayət işi çərçivəsində saxlanılıb. “News.am” isə onun 2 ay müddətinə həbs edildiyini bildirib.
Ermənistan İstintaq Komitəsi açıqlamasında qeyd edib ki, cinayətdə ittiham olunan şəxslər məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan təqsirli sayılmırlar.