Çindən olan 26 yaşlı rəqqas Yufei Wu “America’s Got Talent” səhnəsində “Unitree” humanoid robotları ilə sinxron rəqs nümayiş etdirərək növbəti mərhələyə keçib.
MSNews.az xəbər verir ki, “Parade” nəşrinin məlumatına görə, Yufei Vu “America’s Got Talent”in 21-ci mövsümündə “Unitree” robotları ilə birlikdə Ledi Qaqanın “Abracadabra” mahnısı sədaları altında çıxış edib. Performans münsiflər və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Məlumata görə, robotlar səhnədə rəqqasla sinxron hərəkətlər ediblər və bu, münsiflərin təəccübünə səbəb olub. Simon Kouell çıxışı “dəli kimi, amma möhtəşəm” adlandırıb. Sofiya Verqara isə robotların ritm hissinin olduğunu və çıxışın insan rəqsinə bənzədiyini deyib.
Hadisə sosial şəbəkələrdə də geniş müzakirə olunub. İstifadəçilər robotların səhnədəki dəqiqliyini və sinxron hərəkətlərini yüksək qiymətləndiriblər. Bəzi şərhlərdə isə eyni şirkətin robotlarının müxtəlif tədbirlərdə fərqli performans göstərməsi müqayisə edilib.
Bu müqayisələrdən biri Peterburq Beynəlxalq İqtisadi Forumu ilə bağlıdır. “RBC”nin məlumatına görə, forumda qonaqları humanoid robotlar qarşılayıb, onlardan bəziləri balerina obrazında təqdim edilib və ziyarətçilərlə ünsiyyət qurmağa çalışıb.

“Nasha Niva” isə forumda nümayiş etdirilən robotlarla bağlı sosial şəbəkələrdə tənqidi reaksiyaların yayıldığını yazıb. Nəşrin məlumatına görə, bəzi görüntülərdə robotların qonaqlarla ünsiyyətdə çətinlik çəkdiyi və jurnalistin suallarına cavab verə bilmədiyi görünür.
“Reuters”in məlumatına görə, “Unitree” son dövrdə humanoid robotlar sahəsində beynəlxalq diqqət çəkən Çin şirkətlərindən birinə çevrilib. ABŞ-da bu şirkətin robotlarının istifadəsi ilə bağlı təhlükəsizlik müzakirələri də aparılır, eyni zamanda “Nvidia” kimi texnologiya nəhəngləri humanoid robot platformaları üzərində “Unitree” ilə əməkdaşlığı davam etdirir.