Ebola KDR və Uqandada yayılır

ÜST Konqo Demokratik Respublikası və Uqandada Bundibugyo Ebola virusu ilə bağlı vəziyyətin ağır olaraq qaldığını açıqlayıb. KDR-də yüzlərlə yoluxma və onlarla ölüm qeydə alınıb, Uqandada isə yeni hallar təsdiqlənib.

20

Konqo Demokratik Respublikası və Uqandada Bundibugyo Ebola virusu ilə bağlı vəziyyət gərgin olaraq qalır.

MSNews.az xəbər verir ki, “Ümumdünya Səhiyyə Təşkilatı” Baş direktor Tedros Adhanom Qebreyesusun 3 iyun tarixli açıqlamasına istinadən KDR-də 344 təsdiqlənmiş Ebola halının və 60 ölüm faktının qeydə alındığını bildirib. Yoluxmalar ölkənin İturi, Şimali Kivu və Cənubi Kivu əyalətlərində yerləşən 24 səhiyyə zonasında aşkarlanıb.

ÜST-nin məlumatına görə, Uqandada da 15 təsdiqlənmiş Ebola hadisəsi və bir ölüm faktı qeydə alınıb. Təşkilat Uqanda və Birləşmiş Ərəb Əmirliklərinin səhiyyə qurumları ilə birgə yoluxmuş şəxslərin hərəkət marşrutunun araşdırıldığını və mümkün təmasların müəyyənləşdirildiyini açıqlayıb.

“Reuters” Uqanda Səhiyyə Nazirliyinə istinadən yazır ki, ölkədə daha 6 yeni Ebola halı təsdiqlənib və onların hamısı daha əvvəl təsdiqlənmiş xəstələrlə təmasda olan şəxslər arasından müəyyən edilib. Nazirliyin məlumatına görə, Uqandada 12 nəfər xəstəxanada müalicə alır, iki nəfər isə sağalaraq evə buraxılıb.

KDR üzrə rəqəmlər isə sürətlə dəyişir. “Reuters”in 4 iyun tarixli məlumatına görə, KDR Səhiyyə Nazirliyinin son situasiya hesabatında ölkədə təsdiqlənmiş Ebola hallarının 363-ə, ölüm sayının isə 62-yə yüksəldiyi bildirilir. Agentlik yazır ki, son günlər yoluxma hallarında davamlı artım müşahidə olunur.

“ÜST” daha əvvəl açıqladığı xəstəlik yayılması hesabatında epidemiyanın Bundibugyo virusu ilə əlaqəli olduğunu bildirib. Təşkilat qeyd edir ki, bu virus Ebola xəstəliyinin ağır və ölümcül formalarından birinə səbəb olur. Yoluxma əsasən xəstələrin qanı, bədən mayeləri, yoluxmuş səthlər və təhlükəsiz olmayan dəfn mərasimləri zamanı baş verə bilər.

ÜST hazırkı risk qiymətləndirməsini dəyişməyib: epidemiya milli səviyyədə çox yüksək, regional səviyyədə yüksək, qlobal səviyyədə isə aşağı risk kimi dəyərləndirilir. Təşkilat təmasların izlənilməsi, laborator diaqnostika, xəstələrin izolyasiyası, təhlükəsiz dəfn qaydaları və icmalarla işin gücləndirilməsinin vacib olduğunu vurğulayır.

Eyni zamanda, “ÜST” bildirir ki, hazırda Bundibugyo Ebola virusuna qarşı təsdiqlənmiş xüsusi peyvənd və spesifik müalicə yoxdur. Buna baxmayaraq, erkən tibbi yardım alan xəstələrin sağalması mümkündür. Tedros Adhanom Qebreyesus KDR-də 6, Uqandada isə 2 nəfərin sağaldığını qeyd edib.

“Reuters” həmçinin BMT-nin Miqrasiya Agentliyinə istinadən xəbər verir ki, sərhədlərin bağlanması insanların nəzarətsiz keçid məntəqələrinə yönəlməsinə səbəb ola və virusun yayılma riskini artıra bilər. ÜST də mövcud məlumatlara əsasən KDR və Uqandaya qarşı ümumi səyahət və ticarət məhdudiyyətlərinin tətbiqini tövsiyə etmir.

Hazırda beynəlxalq səhiyyə qurumları KDR və Uqanda hökumətləri ilə birlikdə yoluxma zəncirinin qırılması, sərhədyanı nəzarətin gücləndirilməsi və yerli icmalar arasında maarifləndirmə işlərinin artırılması istiqamətində fəaliyyət göstərir.

 

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.