Fransa Prezidenti Emmanuel Makron 2026-cı il dünya çempionatı öncəsi milli komandanın Clairefontaine bazasındakı düşərgəsini ziyarət edib.
MSNews.az xəbər verir ki, “Elysee”nin məlumatına görə, Emmanuel Makron və birinci xanım Brigitte Makron iyunun 2-də Fransa Milli Futbol Mərkəzinə gedərək həm qadın, həm də kişi milli komandalarının üzvləri ilə görüşüblər.
Prezident kişi yığmasının futbolçuları və texniki heyəti ilə söhbət edib, dünya çempionatı öncəsi komandaya dəstəyini ifadə edib. “FFF”nin məlumatına görə, Makronu Fransa Futbol Federasiyasının prezidenti Philippe Diallo, baş məşqçi Didye Deşam və komandanın kapitanı Kilian Mbappe qarşılayıb.
Fransa mediasında yayılan görüntülərdə Mbappe və Makronun komanda üzvləri ilə görüş zamanı birlikdə görünməsi sosial şəbəkələrdə zarafatlı şərhlərə səbəb olub. Bəzi paylaşımlarda bu görüş “General Mbappe və Prezident Makron heyəti yoxladı” kimi təqdim edilib. Lakin rəsmi mənbələrdə bu ifadə işlədilmir və görüş protokol xarakterli dəstək səfəri kimi göstərilir.
“TF1 Info” yazır ki, Makron futbolçuları fərdi şəkildə salamlayıb və komandanın dünya çempionatına hazırlığı ilə maraqlanıb. Görüşdən sonra prezident, futbolçular, məşqçilər heyəti və idman rəsmiləri ənənəvi xatirə fotosu çəkdiriblər.
“FFF”nin məlumatına görə, Fransa millisi mayın 29-dan Clairefontaine-də toplaşıb və iyunun 4-də Kot-d’İvuar, iyunun 8-də isə Şimali İrlandiya ilə yoldaşlıq görüşləri keçirəcək. Komanda dünya çempionatının qrup mərhələsində Seneqal, İraq və Norveçlə üz-üzə gələcək.
Qeyd edək ki, Fransa millisi 2026-cı il dünya çempionatına əsas favoritlərdən biri kimi yollanır. Didye Deşam üçün bu turnir baş məşqçi kimi son böyük yarış olacaq.