Dünyanın ilk “üzən şəhəri” kimi təqdim olunan “Freedom Ship” layihəsi yenidən beynəlxalq medianın gündəminə gəlib.
MSNews.az xəbər verir ki, “Freedom Ship” layihəsinin rəsmi məlumatına görə, nəhəng platforma adi kruiz gəmisi kimi deyil, dənizdə daimi hərəkətdə olan şəhər konsepti kimi planlaşdırılır. Layihə çərçivəsində gəminin yaşayış, ticarət, səhiyyə, təhsil və istirahət zonalarından ibarət olması nəzərdə tutulur.
“NDTV”nin məlumatına görə, layihənin dəyəri təxminən 15-16 milyard dollar civarında qiymətləndirilir. Gəminin 80 min nəfərə qədər sakini, ziyarətçini və heyət üzvünü qəbul edə biləcəyi bildirilir. Konseptə əsasən, burada təxminən 50 min daimi sakin, 10 min qonaq və 20 minə yaxın ekipaj üzvü üçün yer nəzərdə tutulur.
Layihənin texniki göstəriciləri də miqyas baxımından diqqət çəkir. “Freedom Ship”in rəsmi təqdimatında gəminin uzunluğunun təxminən 1 mil, eninin 800 fut, hündürlüyünün isə 30 mərtəbə olması planlaşdırılır. “Ynet News” isə gəminin təxminən 1,8 kilometr uzunluqda olacağını və mövcud kruiz gəmilərindən xeyli böyük ölçüdə layihələndirildiyini yazır.
Konseptə əsasən, “üzən şəhər”də məktəblər, xəstəxana, parklar, restoranlar, mağazalar, banklar, idman obyektləri, muzeylər və ictimai nəqliyyat sistemi yaradılmalıdır. “Freedom Ship” saytında təhsil infrastrukturunun şəhər həyatının daimi hissəsi kimi planlaşdırıldığı, “Freedom Ship”in digər bölməsində isə səhiyyə xidmətlərinin gündəlik həyat üçün əsas infrastruktur kimi nəzərdə tutulduğu qeyd olunur.
Layihənin ən mübahisəli tərəflərindən biri onun enerji sistemi ilə bağlıdır. Bəzi media məlumatlarında gəminin nüvə enerjisi ilə işləyə biləcəyi qeyd olunsa da, “Freedom Ship”in rəsmi açıqlamasında bu məsələ qəti texniki qərar kimi göstərilmir. Rəsmi təqdimatda daha çox hibrid hərəkət sistemi, enerji bərpası, su və tullantıların idarə olunması texnologiyalarından bəhs edilir.
Gəminin ölçülərinə görə dünyanın mövcud limanlarına daxil ola bilməyəcəyi bildirilir. “NDTV” yazır ki, bu səbəbdən “Freedom Ship” əsasən beynəlxalq sularda qalmalı, sahillə əlaqə isə kiçik gəmilər və hava nəqliyyatı vasitəsilə təmin edilməlidir. Layihəyə görə, gəmi Yer kürəsi ətrafında tam dövrəni təxminən 2-3 ilə başa vura bilər.
Bununla belə, layihə hələ real tikinti mərhələsinə keçməyib. “The European” nəşri yazır ki, tikintinin 3-4 il çəkə biləcəyi bildirilsə də, hazırda təsdiqlənmiş tikinti qrafiki, gəmiqayırma müqaviləsi, maliyyələşmə paketi və istifadəyə verilmə tarixi açıqlanmayıb.
“Freedom Ship”in rəsmi saytında da layihə ilə bağlı məlumatların konseptual və irəliyə yönəlik xarakter daşıdığı qeyd olunur. Bildirilir ki, faktiki icra, vaxt, texniki imkanlar, tənzimləyici icazələr və kommersiya baxımından reallaşma əlavə mühəndislik təhlillərindən, maliyyələşmədən və digər amillərdən asılı olacaq.
Bu səbəbdən “Freedom Ship” hazırda inşa edilən real gəmi deyil, böyük maliyyə və texniki maneələrlə üz-üzə olan iddialı “üzən şəhər” konsepti kimi qiymətləndirilir.


