Məcburi köçkün statusu ilə bağlı yeni qayda təklif edilir

“Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, dövlət tərəfindən təklif edilən yaşayış yerindən imtina edən şəxslər məcburi köçkün statusunu itirə bilərlər.

29

Azərbaycanda məcburi köçkün statusunun itirilməsi halları qanunvericilik çərçivəsində yenidən tənzimlənə bilər.

MSNews.az xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İnsan hüquqları komitəsinin birgə iclasında müzakirəyə çıxarılan “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanunvericiliyə görə, məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya əvvəlki yaşayış yerinin əvəzinə həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə statusunu itirir. Eyni zamanda, bu mümkün olmadıqda dövlətin xüsusi qərarı ilə müəyyən edilmiş səviyyədə yaşayış yeri ilə təmin edilən şəxs də məcburi köçkün statusunu itirmiş sayılır.

Təklif olunan dəyişikliyə əsasən, vətəndaş həmin yaşayış yerlərindən imtina etdikdə də məcburi köçkün statusunu itirəcək. Başqa sözlə, dövlət tərəfindən əvvəlki yaşayış yerinin əvəzinə uyğun yaşayış sahəsi təklif edildiyi halda şəxsin bundan imtinası statusun saxlanılması üçün əsas sayılmaya bilər.

Layihədə keçid müddəası da nəzərdə tutulur. Həmin müddəaya əsasən, qanun qüvvəyə minənədək əvvəlki yaşayış yerinin əvəzinə işğaldan azad edilmiş ərazilərdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edilmiş məcburi köçkünlərin statusu qanunun qüvvəyə mindiyi tarixdən itiriləcək.

Yeni yanaşmanın əsas məqsədi məcburi köçkün statusunun Böyük Qayıdış prosesi və yaşayış sahəsi ilə təminat mexanizmləri ilə uyğunlaşdırılmasıdır. Təklifə görə, şəxs əvvəlki yaşayış yerinin əvəzinə yaşadığı regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış sahəsi ilə təmin ediləcək. Bu isə dövlət tərəfindən yeni yaşayış sahəsinin verilməsi yolu ilə vətəndaşın mülkiyyət hüququnun bərpasına xidmət edən mexanizm kimi təqdim olunur.

Məsələ işğaldan azad edilmiş ərazilərə qayıdış prosesinin sürətləndiyi dövrə təsadüf edir. “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin Qarabağ və Şərqi Zəngəzura mərhələli şəkildə köçürülməsi davam edir.

Hazırkı mərhələdə layihə hələ qanun kimi qüvvəyə minməyib. Dəyişiklik Milli Məclisdə müvafiq prosedurlardan keçdikdən və qəbul edildikdən sonra hüquqi qüvvə qazana bilər.

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.