Rusiyada yeni səfərbərlik iddiası gündəm oldu

Rusiya Dövlət Dumasının deputatı Andrey Qurulyovun Telegram kanalında payızda yeni səfərbərlik barədə paylaşım yayımlanıb. Deputat sonradan kanalının oğurlandığını bildirib, Rusiya rəsmiləri isə yeni səfərbərliyin gündəmdə olmadığını deyirlər.

29

Rusiyada payızda yeni genişmiqyaslı səfərbərlik keçirilə biləcəyi barədə iddia ölkə mediasında və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

MSNews.az xəbər verir ki, “Meduza”nın məlumatına görə, Dövlət Dumasının deputatı, ehtiyatda olan general-leytenant Andrey Qurulyovun “Telegram” kanalında Rusiya ordusunun cəbhədə “mövqe dalanına” dirəndiyi və payızda yeni səfərbərlik keçirilə biləcəyi barədə paylaşım yayımlanıb.

Paylaşımda Rusiyanın hakim dairələrində yeni genişmiqyaslı səfərbərlik barədə müzakirələrin başladığı, hətta “prinsipial qərarın artıq qəbul edildiyi” iddia olunub. Mətn müəllifi cəbhədə irəliləyişin “metr və meşə zolaqları” ilə ölçüldüyünü, Ukrayna PUA-larının Rusiya qoşunlarının ön xəttini və yaxın arxa cəbhəsini ciddi təzyiq altında saxladığını bildirib.

Paylaşımda mümkün səfərbərlik cəbhədəki ağır vəziyyət, Rusiya ordusunun qış-yaz hücumunun gözlənilən nəticəni verməməsi və böyük itkilərlə əlaqələndirilib. Mətn müəllifi həmçinin qeyd edib ki, Ukrayna dronları problemi həll olunmadan yeni səfərbərlik belə vəziyyəti kökündən dəyişməyə bilər.

Lakin daha sonra Qurulyov bu paylaşımın ona məxsus olmadığını bildirib. “RTVI”nin məlumatına görə, deputat “Telegram” kanalının oğurlandığını, oradan yayılan mətnlərin “düşmənlər” tərəfindən paylaşıldığını deyib. O, daha sonra “Max” messencerində də hesabının ələ keçirildiyini bildirərək izləyiciləri “təxribatlara uymamağa” çağırıb.

Anti-Malware.ru” yazır ki, Qurulyovla bağlı “Telegram” kanalında daha əvvəl də şübhəli paylaşımlar, o cümlədən kriptovalyuta ilə yardım toplamağa çağırışlar dərc olunub. Bu isə kanalın həqiqətən də ələ keçirilməsi ehtimalını gücləndirən məqam kimi təqdim olunur.

Rusiya rəsmi şəxsləri son aylarda yeni səfərbərlik ehtimalını bir neçə dəfə təkzib ediblər. Kremlin sözçüsü Dmitri Peskov mart ayında ümumi səfərbərlik mövzusunun “gündəmdə olmadığını” bildirib. Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də müqaviləli hərbi xidmətə cəlb olunanların sayını əsas gətirərək yeni səfərbərliyin zəruri olmadığını demişdi.

Bununla belə, Qərb analitikləri və müstəqil müşahidəçilər Rusiya ordusunun şəxsi heyət ehtiyaclarının artdığını bildirirlər. “Institute for the Study of War”un mayın 27-də yayılan qiymətləndirməsində qeyd olunur ki, Kremlin müqaviləli hərbi xidmət üzrə daxili kampaniyası yüksək itkilər fonunda gərginlik əlamətləri göstərir.

Cəbhədəki vəziyyət də səfərbərlik müzakirələrinə fon yaradır. “Le Monde” yazır ki, Ukraynanın dron hücumları Rusiya logistikasına ciddi təsir göstərib, rus qoşunlarının irəliləyiş tempi isə azalıb. Nəşr bildirir ki, 2026-cı ilin ilk dörd ayında Rusiya ordusunun orta gündəlik irəliləyişi kəskin şəkildə aşağı düşüb.

Mümkün yeni səfərbərliklə bağlı müzakirələr Rusiya regionları üçün də həssas mövzudur. 2022-ci ildəki “qismən səfərbərlik” zamanı yükün əsasən kasıb, kənd və etnik respublikalara düşməsi barədə çoxsaylı araşdırmalar dərc olunmuşdu. “Reuters” 2022-ci ildə Buryatiyada səfərbərliyin xüsusilə ağır təsir göstərdiyini yazmışdı.

Bu səbəbdən yeni səfərbərlik ehtimalı xüsusilə Qafqaz respublikaları, Volqaboyu bölgələri və Rusiyanın periferik regionlarında narahatlıq yarada bilər. Lakin hazırda belə qərarın qəbul edildiyini təsdiqləyən rəsmi sənəd və ya Kremlin açıq bəyanatı yoxdur.