ABŞ-da itkin düşən Los-Alamos əməkdaşının cəsədi tapıldı

ABŞ-ın Nyu-Meksiko ştatında 2025-ci ilin iyununda itkin düşən Los-Alamos Milli Laboratoriyasının əməkdaşı Melissa Kasiasın qalıqları Karson Milli Meşəsində tapılıb. Ölüm səbəbi hələlik müəyyən edilməyib.

30

ABŞ-ın Nyu-Meksiko ştatında 2025-ci ilin iyununda itkin düşən Los-Alamos Milli Laboratoriyasının əməkdaşı Melissa Kasiasın qalıqları aşkar edilib.

MSNews.az xəbər verir ki, “Los Alamos Reporter” Nyu-Meksiko ştat polisinin məlumatına istinadən yazıb ki, insan qalıqları mayın 28-də Karson Milli Meşəsinin McGaffey Ridge ərazisində bir yürüşçü tərəfindən tapılıb. Polis qalıqların yanında tapançanın da aşkarlandığını bildirib.

Nyu-Meksiko Tibbi Ekspertiza Ofisi qalıqların 2025-ci il iyunun 26-da itkin düşmüş Melissa Kasiasa məxsus olduğunu təsdiqləyib. Ölümün səbəbi və xarakteri hələlik müəyyən edilməyib. Qalıqların əlavə antropoloji ekspertizadan keçiriləcəyi açıqlanıb.

KOB 4”un məlumatına görə, Kasias həmin gün işə getmədiyi və axşam evə qayıtmadığı üçün itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Sonradan ailə üzvləri onun çantasını, şəxsiyyət sənədini və mobil telefonlarını evdə tapıblar.

The Guardian” yazır ki, Kasias sonuncu dəfə 2025-ci il iyunun 26-da Nyu-Meksikoda State Road 518 yolunda tək halda yeriyərkən görülüb. Nəşrin məlumatına görə, qalıqlar onun evindən təxminən altı mil məsafədə yerləşən ərazidə aşkar edilib.

Kasias Los-Alamos Milli Laboratoriyasında çalışırdı. Bununla belə, bəzi media materiallarında onun “alim” kimi təqdim edilməsinə baxmayaraq, fakt-yoxlama materiallarında və yerli mənbələrdə onun laboratoriyada inzibati vəzifədə çalışdığı bildirilir. “KSBW/PolitiFact” qeyd edir ki, Kasias və Los-Alamosla bağlı digər itkin şəxs Entoni Çaves elmi-tədqiqat vəzifəsində deyil, laboratoriya ilə əlaqəli qeyri-elmi rollarda çalışıblar.

Kasiasın ölümü ABŞ-da elmi, kosmik, nüvə və müdafiə sahələri ilə əlaqəli şəxslərin itkin düşməsi və ya ölümü barədə yayılan məlumatlar fonunda yenidən diqqət mərkəzinə düşüb. Media və sosial şəbəkələrdə bu hadisələr arasında mümkün əlaqə barədə müxtəlif iddialar səslənsə də, hüquq-mühafizə orqanları belə əlaqənin təsdiqləndiyini açıqlamayıb.

“KSBW/PolitiFact”in araşdırmasına görə, sosial şəbəkələrdə adı çəkilən şəxslərin hamısının alim olması və ya eyni məxfi layihələrdə işləməsi barədə iddialar təsdiqlənmir. Materialda qeyd olunur ki, bəzi şəxslər NASA, Los-Alamos Milli Laboratoriyası, ABŞ Hərbi Hava Qüvvələri, Kanzas-Siti Milli Təhlükəsizlik Kompleksi, MIT və Caltech kimi qurumlarla əlaqəli olub, lakin onların hamısının bir yerdə işlədiyinə və ya vahid zəncir üzrə hədəfə alındığına dair sübut yoxdur.

Bu siyahıda tez-tez Entoni Çaves, Monika Hasinto Reza, Stiven Qarsia, Coşua Leblan və keçmiş ABŞ Hərbi Hava Qüvvələri generalı Uilyam Nil Makkaslandın adları çəkilir. Bəzi hallarda itkin düşmə şəraiti müəmmalı olaraq qalır, bəzi ölüm faktları isə yerli polis tərəfindən ayrıca cinayət, qəza və ya başqa səbəblərlə araşdırılır.

The Independent” yazır ki, Kasiasın tapılması bu müzakirələri yenidən gücləndirib. Nəşr qeyd edir ki, ABŞ-da bu işlərlə bağlı konqresmenlər və federal qurumlar da məlumat toplanmasına maraq göstəriblər, lakin indiyədək rəsmi qurumlar vahid əlaqə barədə yekun nəticə açıqlamayıblar.

Nyu-Meksiko ştat polisi Kasias işi üzrə araşdırmanın davam etdiyini bildirib. Ailəsi isə açıqlamasında qalıqların daha əvvəl axtarış aparılmış ərazidə tapıldığını qeyd edib və baş verənlərlə bağlı cavab axtarmağa davam edəcəklərini bildirib.

Hazırda Melissa Kasiasın ölüm səbəbi, tapançanın hadisə ilə əlaqəsi və onun itkin düşdüyü gündən sonra baş verənlər araşdırılır. Rəsmi ekspertiza nəticələri açıqlanana qədər hadisənin intihar, cinayət və ya başqa səbəblə bağlı olduğunu demək mümkün deyil.