Aleksandr Alden ABŞ-ın Azərbaycandakı yeni səfiri ola bilər

ABŞ Prezidenti Donald Tramp Aleksandr Aldenin ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini Senata təqdim edib. Namizədlik təsdiqlənərsə, Alden Vaşinqtonun Bakıdakı yeni səfiri olacaq.

27

ABŞ Prezidenti Donald Tramp Aleksandr Aldenin ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini irəli sürüb.

MSNews.az xəbər verir ki, Ağ Evin iyunun 1-də yaydığı rəsmi məlumata əsasən, Aleksandr Aldenin namizədliyi fövqəladə və səlahiyyətli səfir kimi Azərbaycan Respublikasında ABŞ-ı təmsil etmək üçün Senata göndərilib.

Aldenin vəzifəyə başlaması üçün onun namizədliyi ABŞ Senatında nəzərdən keçirilməli və təsdiqlənməlidir. ABŞ diplomatik prosedurlarına görə, səfir namizədi Senatın təsdiqindən sonra rəsmi şəkildə təyin olunur və daha sonra qəbul edən ölkədə etimadnaməsini təqdim edir.

Aleksandr Alden ABŞ xarici siyasəti, müdafiə və beynəlxalq təhlükəsizlik sahəsində təcrübəyə malik mütəxəssis kimi tanınır. “Atlantic Council”un məlumatına görə, o, daha əvvəl ABŞ Dövlət Departamentində, Milli Təhlükəsizlik Şurasında və Müdafiə Nazirliyində yüksək vəzifələrdə çalışıb.

Alden Donald Trampın birinci administrasiyası dövründə Dövlət Departamentində münaqişə və sabitləşdirmə əməliyyatları üzrə dövlət katibinin köməkçisi vəzifəsini müvəqqəti icra edib. O, həmçinin Avropa məsələləri üzrə dövlət katibinin köməkçisinin müavini kimi ABŞ-Avropa İttifaqı əlaqələrinin gücləndirilməsi və Çinin regional təsirinə qarşı əməkdaşlıq istiqamətində fəaliyyət göstərib.

Milli Təhlükəsizlik Şurasında çalışdığı dövrdə Alden inkişaf edən texnologiyalar üzrə baş direktor və müdafiə siyasəti üzrə direktor vəzifələrini tutub. Müdafiə Nazirliyində isə 2018-ci il Milli Müdafiə Strategiyası, Nüvə Siyasətinə Baxış və Raket Müdafiəsinə Baxış sənədləri üzərində işləyib.

Hazırda Alden “Atlantic Council”un “Scowcroft Center for Strategy and Security” proqramında qeyri-rezident baş elmi əməkdaş kimi göstərilir. O, həmçinin “Palantir Technologies”də baş müşavir kimi fəaliyyət göstərir.

Onun namizədliyi Azərbaycan–ABŞ münasibətlərinin fəallaşdığı dövrə təsadüf edir. Son aylarda iki ölkə arasında enerji, iqtisadiyyat, süni intellekt, rəqəmsal infrastruktur, tranzit və regional təhlükəsizlik sahələrində əməkdaşlıq gündəmi genişlənib. Bakı Enerji Həftəsi çərçivəsində ABŞ rəsmilərinin Azərbaycana səfəri və Azərbaycan–ABŞ İqtisadi Dialoqunun keçirilməsi də bu dinamikanın tərkib hissəsi kimi qiymətləndirilir.

Aldenin namizədliyi təsdiqlənərsə, o, ABŞ-ın Bakıdakı diplomatik missiyasına rəhbərlik edəcək və Azərbaycan–ABŞ əlaqələrinin yeni mərhələsində Vaşinqtonun əsas rəsmi nümayəndəsi olacaq.