MSNews.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi saytında məlumat dərc olunub. Mərasimdə Azərbaycan və Kambocanın müvafiq qurumlarının rəhbərləri iştirak ediblər.
İlk olaraq ADA Universiteti ilə Kambocanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu mübadilə olunub. Sənədi ADA Universitetinin rektoru Hafiz Paşayev və Kamboca institutunun prezidenti Fann Makara təqdim ediblər.

Daha sonra ikiqat vergitutmanın aradan qaldırılması, vergidən yayınmanın və vergi üstünlüklərindən sui-istifadənin qarşısının alınması haqqında Saziş mübadilə edilib.
Üçüncü sənəd isə Azərbaycan və Kamboca hökumətləri arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Çərçivə Sazişi olub.

Hər iki iqtisadi sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Kambocanın ticarət naziri Çam Nimul mübadilə ediblər.
Qeyd edək ki, sənədlərin mübadiləsi Kamboca Baş nazirinin Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub. Bundan əvvəl Prezident İlham Əliyevlə Hun Manet arasında məhdud və geniş tərkibdə görüşlər keçirilib.