Qranit Cakanın ailə hekayəsi: atasının həbs həyatı onu necə formalaşdırdı?

Qranit Cakanın atası Raqip Caka 1986-cı ildə Kosovoda siyasi nümayişlərə görə həbs edilib. Futbolçu atasının həbs həyatı, ailəsinin İsveçrəyə köçü və bu keçmişin onun xarakterinə təsiri barədə danışıb.

28

İsveçrə millisinin yarımmüdafiəçisi Qranit Cakanın xarakterinin, meydandakı sərtliyinin və məğlubiyyətə dözümsüzlüyünün arxasında ailəsinin ağır keçmişi dayanır.

“The Guardian” yazır ki, Cakanın atası Raqip Caka 1986-cı ildə, 22 yaşında olarkən Kosovoda Belqradın kommunist hakimiyyətinə qarşı nümayişlərdə iştirak etdiyi üçün həbs edilib. O, Priştina Universitetində tələbə idi və siyasi mövqeyinə görə altı il azadlıqdan məhrum olunub.

Cakanın sözlərinə görə, atasının həbsxanadakı ilk ayları nisbətən sakit keçsə də, daha sonra döyülmələr və işgəncələr başlayıb. Futbolçu bu hekayənin ona dərin təsir etdiyini bildirib. O qeyd edib ki, atası həbslə bağlı hələ də bütün detalları açıq danışmır.

Raqip Caka həbsxanada başqa məhbuslarla eyni kamerada saxlanılıb və gün ərzində yalnız qısa müddət açıq havaya çıxmasına icazə verilib. Qranit Caka atasını hüquqları uğrunda mübarizə aparan qürurlu kosovalı kimi təsvir edib. Onun fikrincə, bu mübarizə ailənin bütün üzvlərinin həyatında iz buraxıb.

Futbolçunun anası Elmaze Cakanın hekayəsi də ailənin dözümlülüyünü göstərən əsas məqamlardan biridir. Qranitin sözlərinə görə, valideynləri atasının həbsindən cəmi üç ay əvvəl tanış olmuşdular. Buna baxmayaraq, Elmaze Caka altı il ərzində həyat yoldaşını gözləyib. Caka anasını ailənin ən güclü fiqurlarından biri kimi təqdim edir.

Raqip Caka həbsdən çıxdıqdan sonra ailə İsveçrəyə köçüb. Böyük oğulları Taulant 1991-ci ildə, Qranit isə 1992-ci ildə Bazeldə dünyaya gəlib. Qranit Caka bildirib ki, atası onların böyüməsində böyük rol oynayıb və ailədə əsas düşüncə belə olub: həyatda nəyəsə nail olmaq üçün güclü olmaq lazımdır.

Caka İsveçrəyə minnətdar olduğunu desə də, alban-kosovalı kimliyini heç vaxt unutmadığını vurğulayıb. O, Londonda yaşadığı dövrdə də alban icması ilə əlaqəsini qoruyub, sadə insanlarla ünsiyyəti sevdiyini və köklərinə bağlı qaldığını bildirib.

Futbolçu həyat yoldaşı Leonita ilə Londonda yaşadığı illərdə Kamdenin ona Priştinanı xatırlatdığını deyib. Uşaqlıqda qardaşı Taulantla birlikdə Bazeldən Priştinaya avtobusla getdiklərini xatırladan Caka bu xatirələrin onun yaddaşında xüsusi yer tutduğunu bildirib.

Qranit Caka özünü sadə insan kimi xarakterizə edir. O, sadə geyimləri, sadə yeməkləri və ailə həyatını sevdiyini deyir. Bununla belə, meydanda tam fərqli xarakterə çevrilir. Futbolçu məğlubiyyəti qəbul etməkdə çətinlik çəkdiyini etiraf edib. Həyat yoldaşı Leonita isə zarafatla bildirib ki, final fitindən sonra Cakanı ən azı bir saat danışdırmamaq daha yaxşıdır.

Qranit Caka uzun illər “Arsenal”da çıxış edib, daha sonra “Bayer Leverkuzen”lə Almaniya Bundesliqasını qazanıb. 2025-ci ildə isə yenidən İngiltərəyə qayıdaraq “Sanderlend”lə üçillik müqavilə imzalayıb. Bununla belə, onun şəxsi hekayəsi futboldan daha geniş məna daşıyır: atasının siyasi məhbusluğu, anasının sədaqəti və ailəsinin Kosovodan İsveçrəyə uzanan mübarizəsi Cakanın meydandakı emosional və döyüşkən obrazının əsasını təşkil edir.