Trampın təhdidləri Qrenlandiyada müstəqillik debatını dəyişdi

“Reuters”in xüsusi reportajına görə, Donald Trampın Qrenlandiyaya nəzarət tələbləri adada müstəqillik tərəfdarlarının bir hissəsini Danimarka və Avropa ilə birlikdə qalmağın daha təhlükəsiz yol olduğuna inandırıb.

24

ABŞ prezidenti Donald Trampın Qrenlandiyaya nəzarət tələbləri adada uzun illərdir davam edən müstəqillik müzakirələrini ciddi şəkildə dəyişib.

Reuters”in xüsusi reportajına görə, Qrenlandiyanın Danimarkadan ayrılması uğrunda mübarizənin simvolik fiqurlarından biri sayılan Aqqaluk Lynge artıq əvvəlki mövqeyindən geri çəkilib. Vaxtilə Danimarkanı “müstəmləkəçi hakimiyyət” kimi sərt tənqid edən 78 yaşlı inuit fəal və şair indi Qrenlandiyanın təhlükəsizliyi üçün Danimarka və Avropa ilə birlikdə qalmalı olduğunu düşünür.

Lynge “Reuters”ə müsahibəsində bildirib ki, qrenlandiyalılar ABŞ tərəfindən “xəyanətə uğramış” kimi hiss edirlər. Onun sözlərinə görə, Trampın adaya nəzarət tələbləri fonunda Qrenlandiyanı hazırda yalnız Danimarka və Avropa qoruya bilər.

Tramp son illərdə Qrenlandiyanın ABŞ üçün milli təhlükəsizlik baxımından vacib olduğunu dəfələrlə bildirib. “Reuters” yazır ki, o, ikinci prezidentlik dövründə də bu mövqeyi sərtləşdirib, Danimarkanın adanı satmaqdan imtina edəcəyi halda təzyiq vasitələrini istisna etməyib və Qrenlandiyanı “bu və ya digər yolla” əldə edəcəklərini deyib.

Bu ritorika Qrenlandiya siyasətində ciddi dönüş yaradıb. Əvvəllər adada müstəqillik tərəfdarı partiyalar üstünlük təşkil edirdi. Lakin 2025-ci ilin martında keçirilən seçkilərdən sonra hökumətə Danimarka ilə yaxın əlaqələri müdafiə edən “Demokraatit” partiyası rəhbərlik edir. Partiya dərhal müstəqillik müzakirələrinə yox, tədrici və ehtiyatlı yanaşmaya üstünlük verir.

Qrenlandiyanın xarici işlər naziri Mute Egede “Reuters”ə deyib ki, qrenlandiyalıların öz müqəddəratını təyinetmə arzusu qalır, lakin ABŞ-ın adanı ələ keçirməsi halında bu arzunun özü yox ola bilər. Onun sözlərinə görə, indiki mərhələdə Qrenlandiya öz gələcəyini qorumaq üçün Danimarka Krallığı ilə sıx əməkdaşlıq etməlidir.

Danimarkanın baş naziri Mette Frederiksen isə “Qrenlandiya qrenlandiyalılara məxsusdur” mövqeyini təkrarlayıb. O bildirib ki, adanın gələcəyinə yalnız Qrenlandiya xalqı qərar verməlidir. Frederiksen eyni zamanda Danimarkanın müstəmləkə dövründə yol verdiyi haqsızlıqları, o cümlədən inuit qadınlara qarşı kontrasepsiya proqramları ilə bağlı üzrxahlığını xatırladıb.

Bununla belə, Qrenlandiyada Danimarkaya münasibət birmənalı deyil. “Reuters”-in reportajında qeyd olunur ki, radikal müstəqillik tərəfdarı “Naleraq” partiyası Tramp böhranını Danimarka ilə dərhal müstəqillik danışıqları aparmaq üçün fürsət sayır. Partiyanın lideri Pele Broberq Danimarkanı “tərəfdaş yox, girov saxlayan tərəf” adlandırıb.

Lakin Trampın ritorikası bir çox qrenlandiyalının təhlükəsizlik düşüncəsini dəyişib. Bəzi sakinlər hətta mümkün ABŞ müdaxiləsi qorxusu ilə silah və sursat topladıqlarını bildiriblər. Qrenlandiyada aparılmış ictimai sağlamlıq tədqiqatına görə, son bir ildə psixoloji gərginlik yaşayanların payı 7 faizdən 31 faizə yüksəlib və tədqiqat müəllifləri bunu Trampın adaya nəzarət təhdidləri ilə əlaqələndiriblər.

Reuters” daha əvvəl yazırdı ki, Tramp Qrenlandiyaya nəzarət niyyətini Rusiya və Çinlə bağlı təhlükəsizlik narahatlıqları ilə əsaslandırır. Lakin Qrenlandiya və Danimarka rəsmiləri adanın satılmadığını, ABŞ-a birləşmək istəmədiyini və onun gələcəyinə yalnız Qrenlandiya xalqının qərar verə biləcəyini vurğulayırlar.

Beləliklə, Trampın təhdidləri Qrenlandiyada paradoksal nəticə doğurub: onilliklərdir Danimarkadan ayrılmaq ideyasını müdafiə edən bəzi tanınmış şəxslər indi təhlükəsizlik naminə Danimarka və Avropa ilə birlikdə qalmağı daha real seçim sayırlar.