Avropa Komissiyası “Temu”nu 200 milyon avro cərimələdi

Avropa Komissiyası “Temu” platformasını təhlükəli və qanunsuz məhsulların yayılması risklərini düzgün qiymətləndirmədiyinə görə 200 milyon avro cərimələyib.

26

Avropa Komissiyası Çin mənşəli onlayn ticarət platforması “Temu”ya qarşı 200 milyon avro məbləğində cərimə tətbiq edib. Qərar Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktı — DSA çərçivəsində qəbul olunub.

Avropa Komissiyası rəsmi açıqlamasında bildirib ki, “Temu” platformasında qanunsuz və təhlükəli məhsulların yayılması ilə bağlı sistemli riskləri lazımi səviyyədə müəyyənləşdirməyib, təhlil etməyib və qiymətləndirməyib. Qurumun fikrincə, şirkətin 2024-cü il üzrə risk qiymətləndirməsi konkret faktlara və platformanın real fəaliyyətinə əsaslanmayıb.

“Reuters” yazır ki, araşdırma təxminən iki il davam edib və Avropa istehlakçı təşkilatlarının şikayətlərindən sonra başlanıb. Avropa Komissiyası “Temu”nun Aİ istifadəçilərini qanunsuz və zərərli məhsullardan qorumaq üçün kifayət qədər tədbir görmədiyini bildirib.

Araşdırma zamanı platformada təhlükəli enerji doldurma cihazları, təhlükəsizlik tələblərinə cavab verməyən uşaq məhsulları, qadağan olunmuş kimyəvi maddələr olan geyimlər və zərərli metallar ehtiva edən bijuteriya kimi malların satışda olduğu müəyyən edilib.

“The Guardian” qeyd edir ki, Avropa Komissiyasının sifarişi ilə aparılan gizli alış yoxlaması zamanı “Temu”da təhlükəsiz olmayan uşaq məhsullarının və təhlükəli enerji doldurma cihazlarının yüksək payı aşkarlanıb. Nəşrin məlumatına görə, bəzi məhsullar uşaqlar üçün boğulma riski, yanıq, elektrik zərbəsi və yanğın təhlükəsi yarada bilər.

Komissiya platformanın tövsiyə sistemlərini və influenserlər vasitəsilə məhsul tanıtımı mexanizmlərini də tənqid edib. Qurumun qənaətinə görə, bu alətlər qanunsuz məhsulların istifadəçilərə daha geniş yayılması riskini artıra bilər.

“Temu” isə qərarla razılaşmadığını bildirib. Şirkət cəriməni qeyri-mütənasib hesab etdiyini, Komissiyanın qərarının 2024-cü ildə təqdim edilmiş ilk DSA qiymətləndirməsinə əsaslandığını və hazırkı sistemlərin vəziyyətini tam əks etdirmədiyini açıqlayıb. Platforma hüquqi variantları nəzərdən keçirdiyini və tənzimləyicilərlə əməkdaşlığı davam etdirəcəyini bildirib.

Avropa Komissiyası “Temu”ya vəziyyəti düzəltmək üçün tədbirlər planı təqdim etməyə vaxt verib. Platforma 2026-cı il avqustun 28-dək qanunsuz və təhlükəli məhsulların yayılması risklərinin necə azaldılacağını göstərən fəaliyyət planını Brüsselə təqdim etməlidir.

Qeyd edək ki, bu cərimə Rəqəmsal Xidmətlər Aktı çərçivəsində tətbiq edilən ən böyük sanksiyalardan biri hesab olunur. DSA iri onlayn platformalardan istifadəçiləri qanunsuz məhsullardan, manipulyativ dizayn elementlərindən və şəffaf olmayan tövsiyə sistemlərindən qorumaq üçün daha ciddi risk qiymətləndirməsi tələb edir.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Xəbər lenti