Havay adalarında yerləşən “Gemini North” teleskopu astronomların “Crystal Ball Nebula” — “Büllur kürə dumanlığı” adlandırdığı NGC 1514 obyektinin yeni və detallı görüntüsünü qeydə alıb.
ABŞ Milli Elm Fondunun NOIRLab mərkəzinin yaydığı məlumata görə, NGC 1514 Buğa bürcündə, Yerdən təxminən 1500 işıq ili uzaqlıqda yerləşən planetar dumanlıqdır. Obyektin görüntüsü Gemini North teleskopunda quraşdırılmış Gemini Multi-Object Spectrograph — GMOS cihazı vasitəsilə əldə olunub.

“NOIRLab” bildirir ki, dumanlıq ilk dəfə 1790-cı ildə alman-britaniyalı astronom Uilyam Herşel tərəfindən kəşf edilib. NGC 1514-ün mərkəzində bir deyil, iki ulduz yerləşir və bu ulduzlar təxminən doqquz illik dövrlə bir-birinin ətrafında hərəkət edir.
Alimlərin fikrincə, bu ulduzlardan biri həyatının son mərhələsində xarici qatlarını kosmosa atıb. Nəticədə yaranan qaz təbəqəsi mərkəzdəki ulduz nüvəsinin şüalanması ilə parlayaraq dumanlığa “büllur kürə”yə bənzər görünüş verir. “Büllur kürə” adı da məhz onun parlaq, dairəvi və qeyri-adi vizual formasına görə istifadə olunur.

“AP News” yazır ki, “Gemini North” teleskopu bu obyekti ötən il müşahidə edib, görüntünün rəngli versiyası isə bu yaxınlarda tamamlanaraq ictimaiyyətə təqdim olunub. “Büllur kürə dumanlığı”nın işığı Yerə çatmaq üçün təxminən 1500 il yol qət etdiyindən, astronomlar faktiki olaraq bu ulduz sisteminin uzaq keçmişdəki vəziyyətini müşahidə edirlər.
“Space.com” qeyd edir ki, planetar dumanlıqlar adlarına baxmayaraq planetlərlə əlaqəli deyil. Bu termin onların erkən teleskoplarda planetə bənzər dairəvi formada görünməsinə görə yaranıb. Əslində isə belə dumanlıqlar ulduzların ömrünün son mərhələsində xarici qaz qatlarını kosmosa buraxması nəticəsində formalaşır.
Yeni görüntü NGC 1514-ün mürəkkəb qaz quruluşunu, qeyri-bərabər təbəqələrini və mərkəzi ikili ulduz sisteminin dumanlığın formasına təsirini daha aydın göstərir.