Almaniyada UFO müraciətləri rekord səviyyəyə çatıb

Almaniyada qeyri-adi səma hadisələri ilə bağlı müraciətlərin sayı rekord səviyyəyə yüksəlib. CENAP 2026-cı ilin avqustunadək təxminən 14 min hadisəni araşdırıb.

59

Almaniyada naməlum uçan obyektlər və qeyri-adi səma hadisələri ilə bağlı müraciətlərin sayı rekord səviyyəyə yüksəlib.

MSNews.az xəbər verir ki, “Euronews” Almaniyanın Hessen əyalətində fəaliyyət göstərən Qeyri-adi Səma Hadisələrinin Mərkəzi Tədqiqat Şəbəkəsinə — CENAP-a istinadən hazırda mərkəzə gündə orta hesabla 3–6 müraciətin daxil olduğunu yazır. CENAP rəhbəri Hansyürgen Kölerin sözlərinə görə, qurum indiyədək heç vaxt bu qədər intensiv müraciət axını ilə üzləşməyib.

2026-cı ilin avqustuna qədər CENAP əməkdaşlarının araşdırdığı və nəticələndirdiyi hadisələrin ümumi sayı təxminən 14 minə çatıb. Bununla belə, bu rəqəm Pentaqonun UFO və ya müasir terminologiya ilə UAP sənədlərini açıqlamasından sonra daxil olmuş müraciətlərin sayı deyil, mərkəzin uzun illər ərzində araşdırdığı ümumi halları əhatə edir.

Müraciətlərin artması əvvəlki illərdə də müşahidə olunub. “Welt” CENAP məlumatlarına əsasən yazıb ki, 2025-ci ildə mərkəz 1348 müşahidə qeydə alaraq yeni illik rekorda çatıb. 2024-cü ildə isə bu göstərici 1084 olmuşdu. Mərkəz illik müraciətlərin 2019-cu ildən bəri davamlı artdığını bildirir.

CENAP-ın araşdırmalarına görə, müşahidələrin böyük əksəriyyətinin adi izahı var. Bunlar arasında təyyarə və helikopterlər, meteorlar, parlaq planet və ulduzlar, hava şarları, raket mərhələləri, kosmik tullantılar, lazerlər və “Starlink” peykləri yer alır.

Bəzi hadisələr isə araşdırmadan sonra da izahsız qalır. Köler bunun yadplanetli mənşəyə sübut olmadığını vurğulayır. Onun sözlərinə görə, belə hallarda əsas problem müşahidənin dəqiq vaxtı, yeri, istiqaməti və ya foto-video material kimi araşdırma üçün vacib məlumatların çatışmamasıdır.

Mövzu ABŞ Müdafiə Nazirliyinin UAP materiallarını ictimaiyyətə açıqlaması fonunda yenidən diqqət mərkəzinə gəlib. Pentaqon 2020-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin pilotları tərəfindən 2004 və 2015-ci illərdə çəkilmiş üç videonun həqiqiliyini rəsmən təsdiqləyib, 2022-ci ildə isə UAP hadisələrinin sistemli araşdırılması üçün AARO adlı xüsusi struktur yaradılıb.