Pentaqon UNO-larla bağlı sənədlərin beşinci paketini yayıb

Pentaqon naməlum anomal hadisələrlə bağlı arxivin beşinci paketini dərc edib. Yeni buraxılışa 1950-2026-cı illəri əhatə edən 41 sənəd, foto və video daxildir.

52

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) naməlum uçan obyektlər — rəsmi terminologiyada naməlum anomal hadisələr (UAP) ilə bağlı məxfilikdən çıxarılmış materialların beşinci paketini ictimaiyyətə təqdim edib.

MSNews.az xəbər verir ki, Pentaqonun rəsmi PURSUE arxivində beşinci buraxılışın 7 avqust 2026-cı ildə yayımlandığı göstərilir. Buraxılışa sənədlər, fotoşəkillər və videolar daxildir.

CBS News”un məlumatına görə, yeni paketdə ümumilikdə 41 fayl yerləşdirilib. Materiallar Pentaqon, FTB, MKİ, ABŞ Dövlət Departamenti və Prezidentin İcra Aparatı da daxil olmaqla müxtəlif dövlət qurumlarından toplanıb. Ən qədim sənədlər 1950-ci ilə, ən yeni materiallar isə 2026-cı ilə aiddir.

Yeni arxivdə diqqət çəkən materiallardan biri 2002-ci ildə Əfqanıstandakı Baqram aviabazasında baş verdiyi bildirilən hadisədir. Keçmiş hərbi pilot gecə səmasında ulduzların qarşısını kəsəcək qədər böyük üçbucaq formalı obyekt gördüyünü deyib. Hadisə ilə bağlı FTB müsahibə sənədi də arxivə daxil edilib.

Digər materiallar arasında 2021-ci ildə Oman körfəzi üzərində hərbi sensorların qeydə aldığı naməlum obyektlər, 2025-ci ildə Yaxın Şərqdə çəkilmiş sferik obyekt və ABŞ-ın qərbində qeydə alınan infraqırmızı görüntülər də var. “News.com.au” yazır ki, sənədlər şahid ifadələri, hərbi sensor görüntüləri və kəşfiyyat materiallarından ibarətdir.

Pentaqon bildirir ki, PURSUE arxivində dərc edilən hadisələr hələ yekun izahı verilməmiş hallar kimi təsnif edilir. Bunun səbəbi bəzi hallarda məlumatın kifayət qədər olmaması ola bilər. Nazirlik həmçinin yeni materialların mərhələli şəkildə yayımlanacağını açıqlayıb.