Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xocalı şəhərində “Qarabağ Tekstil Evi” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışında iştirak edib. Müəssisənin fəaliyyəti barədə dövlət başçısına iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Qarabağ Tekstil Evi” MMC-nin təsisçisi Rizvan Təhməzov məlumat veriblər.
Bildirilib ki, Türkiyə və Çin texnologiyalarının quraşdırıldığı müəssisədə il ərzində 1,4 milyon ədəd tekstil məhsulu istehsal olunacaq. İlkin mərhələdə burada müxtəlif çeşid və ölçülərdə ev tekstili məhsulları, o cümlədən yataq dəsti, çarpayı və divan örtüyü, dəsmal və digər məhsulların istehsalı nəzərdə tutulur. Xammal tədarükü əsasən daxili bazar hesabına təmin ediləcək, eyni zamanda Türkiyə, Özbəkistan və Çindən də xammal idxal olunacaq.
Müəssisənin məhsulları həm daxili bazarın tələbatını ödəyəcək, həm də ixrac ediləcək. Layihə ölkədə yerli istehsalın genişləndirilməsi, idxaldan asılılığın azaldılması və azad edilmiş ərazilərdə yeni sənaye potensialının formalaşdırılması baxımından əhəmiyyətli hesab olunur.
“Qarabağ Tekstil Evi”ndə ilkin mərhələdə 85 nəfər daimi işlə təmin olunub. Onlar əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlardır. Bundan başqa, Xocalı və Ağdam rayonlarının 40 sakini Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə təşkil edilən 2 aylıq peşə təliminə cəlb olunacaq və proqramı uğurla başa vuranlar müəssisədə işlə təmin ediləcəklər.
Gələcəkdə müəssisədə iş yerlərinin sayının 200-ə çatdırılması, əlavə olaraq geyim istehsalının təşkili planlaşdırılır. “Qarabağ Tekstil Evi” MMC-nin Xankəndi şəhərində yerləşən tikiş fabrikində isə hazırda 60 nəfər çalışır.
İstehsal müəssisəsinin ilkin investisiya dəyəri 4,2 milyon manat təşkil edir. Layihəyə Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 3,2 milyon manat güzəştli kredit ayrılıb, 1 milyon manat isə özəl investisiya kimi yönəldilib. Müəssisə işğaldan azad edilmiş ərazilərin rezidentləri üçün nəzərdə tutulan vergi, gömrük və sosial güzəştlərdən də yararlanacaq.
Yeni tekstil müəssisəsinin fəaliyyətə başlaması Xocalıda sənaye infrastrukturunun bərpasına, yerli məşğulluğun artırılmasına və Qarabağda iqtisadi həyatın canlanmasına töhfə verəcək. Bu layihə azad edilmiş ərazilərdə sahibkarlıq üçün yaradılan əlverişli investisiya və biznes mühitinin praktiki nəticələrindən biri kimi qiymətləndirilir.














