Ermənistan XİN TRIPP sazişinin mətnini yayıb

Ermənistan XİN ABŞ-la TRIPP layihəsi üzrə çərçivə sazişinin mətnini dərc edib. Sənəd Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən multimodal bağlantının yaradılmasını nəzərdə tutur.

Ermənistan Xarici İşlər Nazirliyi ABŞ-la Trump Route for International Peace and Prosperity — TRIPP” layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişinin mətnini dərc edib. Sənəd Cənubi Qafqazda regional bağlantıların genişləndirilməsi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçən nəqliyyat əlaqəsinin yaradılması və Transxəzər ticarət marşrutunun gücləndirilməsi məqsədi daşıyır. Ermənistan XİN-in yaydığı mətndə TRIPP-in Ermənistan ərazisində “maneəsiz, multimodal tranzit bağlantısı” yaratmasının nəzərdə tutulduğu, eyni zamanda layihənin Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcəyi qeyd olunur.

Sazişə əsasən, Ermənistanda TRIPP Development Company — TDC” adlı birgə inkişaf şirkətinin yaradılması nəzərdə tutulur. Şirkətdə ABŞ tərəfinin 74 faizlik nəzarət payına, Ermənistanın isə 26 faizlik paya sahib olması planlaşdırılır. Sənəddə qeyd edilir ki, bu şirkət TRIPP layihəsinin həyata keçirilməsinə dəstək verməlidir.

İlkin mərhələdə şirkətə layihə üzrə torpaqdan istifadə, tikinti, inkişaf, istismar və texniki xidmət hüquqlarının 49 il müddətinə verilməsi nəzərdə tutulur. Sənəddə göstərilir ki, tərəflərin qarşılıqlı razılığı ilə bu müddət daha 50 il uzadıla bilər. Belə halda Ermənistanın TDC-dəki payı 49 faizə qədər artırılacaq.

TRIPP çərçivəsində müxtəlif infrastruktur istiqamətlərinin həyata keçirilməsi mümkün olacaq. Sazişdə layihə modalitələri kimi dəmir yolu, avtomobil yolu, neft-qaz boru kəmərləri, fiber-optik xətlər və elektrik enerjisi layihələri qeyd edilir. Hər bir konkret istiqamət üzrə ayrıca xüsusi təyinatlı şirkətlərin — SPV-lərin yaradılması nəzərdə tutulur.

Sənədin ən həssas bəndlərindən biri Ermənistanın suverenliyi ilə bağlıdır. Çərçivə sazişində Ermənistanın TRIPP layihə əraziləri üzərində tam suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını saxladığı xüsusi vurğulanır. Eyni zamanda, Ermənistanın sərhəd, gömrük, miqrasiya, təhlükəsizlik, vergi və dövlət nəzarəti funksiyalarına cavabdeh qalacağı qeyd olunur.

Bununla yanaşı, Ermənistan layihə əraziləri üzrə torpaqların dövlət mülkiyyətində olmasını və üçüncü şəxslərin hüquqları ilə yüklənməməsini təmin etməlidir. Sənədə görə, bu proseslə bağlı maliyyə xərclərini Ermənistan tərəfi daşıyacaq. Daha sonra həmin ərazilər üzrə eksklüziv istifadə və inkişaf hüquqları TDC-yə veriləcək.

Saziş sərhəd-keçid məntəqələrində müəyyən xidmətlərin özəl operatorlara həvalə edilməsini də istisna etmir. Mətndə qeyd olunur ki, Ermənistan öz suverenliyini və yurisdiksiyasını saxlayaraq “front office/back office” modelindən istifadə edə bilər; bu çərçivədə sərhəd məntəqələrində müştəriyönümlü xidmətlərin özəl operatorlar tərəfindən göstərilməsi Ermənistan və TDC-nin qarşılıqlı razılığı ilə mümkün ola bilər.

Sazişdə TDC və onun törəmə şirkətləri üçün Ermənistanda vergi güzəştləri də nəzərdə tutulur. TDC US-ə ödənilən dividendlərin, TDC-yə törəmə şirkətlərdən gələn dividendlərin, səhm satışından əldə olunan kapital gəlirlərinin və hüquqların ötürülməsi ilə bağlı əməliyyatların Ermənistanda vergidən azad edilməsi planlaşdırılır.

Ermənistan həmçinin səhmdar cəmiyyətləri, dövlət satınalmaları və dövlət-özəl tərəfdaşlığı ilə bağlı qanunvericiliyində müəyyən istisnalar tətbiq etməyə razılaşır. Sazişdə bildirilir ki, belə istisnalar TDC-nin nizamnaməsində və ya səhmdarlar sazişində ayrıca göstəriləcək.

TRIPP layihəsi Ermənistan-Azərbaycan sülh prosesi və ABŞ-ın Cənubi Qafqazdakı artan rolunun əsas elementlərindən biri kimi qiymətləndirilir. Layihə Azərbaycanın əsas hissəsini Naxçıvanla və Türkiyə ilə birləşdirən təxminən 43 kilometrlik marşrut kimi nəzərdə tutulur və ABŞ-ın regionda nəqliyyat, enerji və ticarət bağlantılarını gücləndirmək strategiyasına uyğun gəlir.

May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.