“Spartak” üçün 10 milyon rublluq yeni kubok hazırlanacaq

“Spartak” Rusiya Kubokunun sınmış trofeyinin əvəzinə yeni kubok alacaq. “Mash na sporte”nin məlumatına görə, yeni trofeyin hazırlanması azı üç həftə çəkəcək və təxminən 10 milyon rubla başa gələcək.

Moskvanın “Spartak” klubu Rusiya Kubokunun sınmış trofeyinin əvəzinə yeni kubok alacaq. Rusiya Futbol İttifaqı “Spartak” üçün turnirin yeni dublikat trofeyinin hazırlanacağını təsdiqləyib. Forbes Russia yazır ki, kubok “Spartak”ın “Krasnodar” üzərində qələbə qazandığı Superfinaldan sonra bayram zamanı yarımmüdafiəçi Pablo Solarinin əlində sınmışdı. 

Hadisə mayın 24-də Moskvadakı “Lujniki” stadionunda keçirilən Superfinaldan sonra baş verib. “Spartak” əsas vaxtı 1:1 başa çatan oyunda “Krasnodar”ı penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib. Matçda “Spartak”ın qolunu Pablo Solari, “Krasnodar”ın qolunu isə Duqlas Auqusto vurub.

Bayram zamanı Solari kuboku başı üzərinə qaldırarkən trofeyin aşağı hissəsi qopub, qapağı isə yerə düşərək sınıb. “Spartak” daha sonra klubun “Telegram” kanalında tam sınmış kubokun fotosunu paylaşaraq zarafatla “Dostlar, dəhşətli xəbər: kubokun axırına çıxdıq” yazıb.

“Gazeta.Ru”nun “Mash na sporte”yə istinadən yaydığı məlumata görə, yeni trofeyin hazırlanması azı üç həftə çəkəcək və onun dəyəri təxminən 10 milyon rubl olacaq. Eyni mənbə bildirir ki, kubokun detalları əvvəlcə Qus-Xrustalnı şəhərindəki Maltsev adına zavodda hazırlanacaq, daha sonra Moskvaya gətirilərək birləşdiriləcək.

RFU rəsmisi Kirill Tereşin bildirib ki, “Spartak” Rusiya Kubokunda beşinci qələbəsini qazandığı üçün trofeyi daimi saxlanmaq üçün almalıdır və buna görə dublikat hazırlanacaq. Onun sözlərinə görə, kubokların zədələnməsi ilə bağlı oxşar hallar daha əvvəl də baş verib.

Bu qələbə “Spartak”ın Rusiya Kubokunda beşinci uğuru olub. Moskva klubu sonuncu dəfə 2021/2022 mövsümündə turnirin qalibi olmuşdu.