İspaniya millisinin baş məşqçisi Luis de la Fuente 2026-cı il dünya çempionatı üçün 26 nəfərlik yekun heyəti açıqlayıb. Rəsmi siyahıda “Real Madrid”dən heç bir futbolçunun yer almaması diqqət çəkib. Reuters yazır ki, bu, İspaniyanın dünya çempionatına “Real Madrid” futbolçusu olmadan yollanacağı ilk haldır.
MSNews.az “Reuters”-ə istinadən xəbər verir.
İspaniya Kral Futbol Federasiyasının məlumatına görə, heyət mayın 25-də Madriddəki Telefónica binasında təqdim olunub. Komanda mayın 30-da Las Rozasda toplanışa başlayacaq, mundial öncəsi İraq və Peru ilə yoxlama oyunları keçirəcək. İspaniya DÇ-2026-da ilk oyununu iyunun 15-də Atlantada Kabo-Verdeyə qarşı keçirəcək.
Rəsmi siyahıda qapıçılar Unai Simon, David Raya və Xoan Qarsiya yer alıb. Müdafiə xəttinə Pedro Porro, Markos Llorente, Aymerik Laporte, Pau Kubarsi, Mark Pubill, Erik Qarsiya, Mark Kukureya və Alexandro Qrimaldo daxil edilib.
Yarımmüdafiədə Rodri, Martin Zubimendi, Pedri, Fabian Ruis, Mikel Merino, Qavi və Aleks Baena çağırılıb. Hücum xəttində isə Mikel Oyarzabal, Lamin Yamal, Ferran Torres, Borxa İqlesiyas, Dani Olmo, Viktor Munyoz, Niko Uilyams və Yeremi Pino yer alıb.
Heyətdə “Barselona”dan 8 futbolçu var. “Real Madrid”dən Din Höysen və Dani Karvaxal kimi namizədlər isə siyahıya düşməyib.
Luis de la Fuente qərarı klub mənsubiyyəti ilə əlaqələndirməyib. O bildirib ki, futbolçulara hansı klubdan gəldiklərinə görə yox, milli komandaya fayda verə biləcəklərinə görə baxır. Baş məşqçinin sözlərinə görə, onun əsas istəyi futbolçuların İspaniya millisində oynamaqdan qürur duymasıdır.
Beləliklə, Avropa çempionu olan İspaniya DÇ-2026-ya tarixi və müzakirəli heyətlə gedəcək: siyahıda “Barselona” güclü təmsil olunsa da, ölkənin ən titullu klublarından “Real Madrid” bu dəfə millidə təmsil olunmayacaq.