İran ABŞ-a cavab xəbərdarlığı etdi

İran hərbi mənbələri ABŞ və müttəfiqlərinin mümkün hücumu halında yeni silahlar və taktikalarla cavab veriləcəyini bildirib. Tehran ölkənin qərb hava məkanında uçuşlara mayın 25-dək məhdudiyyət tətbiq edib.

38

İranın hərbi mənbəsi ABŞ və onun müttəfiqlərinin mümkün hücumları fonunda ölkənin silahlı qüvvələrinin yeni hərbi planlarla hazır vəziyyətdə olduğunu bildirib. “Tasnim” agentliyinin məlumatına görə, mənbə Tehranın ABŞ və İsraillə qarşıdurmada hələ istifadə etmədiyi müasir silahlara malik olduğunu deyib və İranın “bu dəfə təmkin göstərmək niyyətində olmadığını” vurğulayıb. 

Eyni açıqlamada İranın müdafiə imkanlarında çatışmazlıq olmadığı bildirilib. Mənbə qeyd edib ki, ölkənin özünü müdafiə etməsinə mane olacaq avadanlıq və hərbi potensial problemi yoxdur. “Tasnim” həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatına istinadən yazır ki, İrana qarşı yeni hücum olarsa, münaqişə region hüdudlarından kənara çıxa bilər.

Bu xəbərdarlıq fonunda İran ölkənin qərb hissəsində uçuşlara ciddi məhdudiyyət tətbiq edib. The Indian Express” yazır ki, İran Mülki Aviasiya Təşkilatı mayın 22-də OIIX A1010/26 nömrəli NOTAM yayımlayaraq Tehran Uçuş Məlumat Rayonunun qərb sektorunda mülki uçuş icazələrini mayın 25-dək dayandırıb.

NOTAM-a əsasən, ölkədə yalnız bir neçə hava limanı məhdud rejimdə fəaliyyətini davam etdirir. “The Indian Express”-in məlumatına görə, Mehrabad, İmam Xomeyni, İsfahan, Şiraz, Yəzd, Təbriz, Məşhəd və Bəndər-Abbas hava limanları günün işıqlı saatlarında işləyə bilər, lakin aviaşirkətlər hər uçuş üçün İran Mülki Aviasiya Təşkilatından yeni icazə almalıdırlar.

Küveytin Arab Times” nəşri də NOTAM-ın mayın 22-dən mayın 25-dək qüvvədə olduğunu, qərb Tehran FIR zonasında hava limanlarının əksəriyyətinin bağlandığını və yalnız məhdud sayda aeroportların gün çıxandan gün batana qədər fəaliyyət göstərə biləcəyini yazıb.

Aviasiya məlumat platforması Notamify” isə mayın 23-nə olan yenilənmiş məlumatda Tehran FIR-in qərb sektorunun tranzit uçuşlara bağlandığını, şərq sektorunun isə xüsusi aviadispetçer və avadanlıq tələbləri ilə açıq saxlanıldığını göstərib. Platformaya görə, qərb sektordakı hava limanları yalnız istisna siyahısına daxil olan aeroportlar istisna olmaqla bağlıdır.

Məhdudiyyətlər ABŞ və İran arasında diplomatik təmasların kritik mərhələyə daxil olduğu vaxta təsadüf edir. ABŞ dövlət katibi Marko Rubio Nyu-Dehlidə açıqlamasında müəyyən irəliləyiş olduğunu bildirib, lakin Vaşinqtonun əsas tələblərinin İranın nüvə silahı əldə etməməsi, Hörmüz boğazının rüsumsuz açılması və yüksək zənginləşdirilmiş uranın taleyinin ABŞ-ı qane edəcək formada həll olunması olduğunu vurğulayıb.