Qalibafdan Hörmüz boğazı ilə bağlı diqqətçəkən paylaşım

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf arxa planda İran, Fars körfəzi və Hörmüz boğazının xəritəsinin göründüyü fotosunu şərhsiz paylaşıb. Paylaşım ABŞ-İran gərginliyinin davam etdiyi vaxtda diqqət çəkib.

35

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf arxa planda İran, Fars körfəzi və Hörmüz boğazının xəritəsinin göründüyü fotosunu sosial şəbəkədə paylaşıb.

MSNews.az xəbər verir ki, Qalibaf görüntünü “X” platformasında heç bir şərh əlavə etmədən dərc edib. İranın “Fararu” nəşri də paylaşımı “mənalı foto” kimi təqdim edib.

Foto ABŞ ilə İran arasında Hörmüz boğazı ətrafında gərgin ritorikanın davam etdiyi bir vaxtda yayılıb. ABŞ Prezidenti Donald Tramp bundan əvvəl sosial şəbəkədə boğazı “ABŞ-ın yeni ərazisi” kimi göstərən xəritə paylaşmışdı. İran rəsmiləri isə bu iddianı rədd edərək strateji su yolunun statusu və hərəkət rejimi ilə bağlı sərt bəyanatlar vermişdilər.

Qalibaf son açıqlamalarında Hörmüz boğazının İranın nəzarətində olduğunu iddia edib və ABŞ-ın blokada siyasəti davam edərsə, gəmi hərəkətinin məhdudlaşdırılacağını bildirib. Onun rəsmi informasiya kanalında yayılan açıqlamada da boğazdan keçidin İranın müəyyən etdiyi qaydalar və icazələr əsasında həyata keçiriləcəyi vurğulanıb.