Azərbaycan Respublikasının Gənclər Fondu gənclər və gənclər təşkilatları üçün yeni qrant müsabiqəsi elan edib. Fondun məlumatına görə, “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi” çərçivəsində layihə təkliflərinin qəbulu 22 may 2026-cı il tarixindən başlayıb. Müraciətlər Fondun rəsmi internet saytı üzərindən elektron qaydada qəbul olunur.
Müsabiqənin əsas məqsədi dövlət gənclər siyasətinin prioritetlərinə uyğun olaraq gənclərin və gənclər təşkilatlarının potensialını inkişaf etdirmək, onların sosial, iqtisadi, mədəni və ictimai həyatda fəal iştirakını təşviq etmək, innovativ və ictimai faydalı təşəbbüsləri dəstəkləməkdir.
Elana əsasən, müsabiqəyə təqdim olunan layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Fond tərəfindən ayrılacaq qrant məbləği fərdi layihələr üçün 5 min manatadək, gənclər təşkilatlarının yerli layihələri üçün 10 min manatadək, beynəlxalq layihələri üçün isə 15 min manatadək müəyyən edilib.
Müsabiqədə iştirak etmək üçün 18-29 yaş aralığında Azərbaycan vətəndaşı olan gənclər və dövlət qeydiyyatına alınmış gənclər təşkilatları Fondun rəsmi saytında qeydiyyatdan keçərək elektron formada müraciət etməlidirlər. Gənclər yalnız yerli layihə kateqoriyası üzrə bir layihə təqdim edə bilərlər. Gənclər təşkilatları isə yerli və beynəlxalq layihə kateqoriyaları üzrə müraciət edə bilərlər, lakin müsabiqə çərçivəsində yalnız bir layihənin maliyyələşdirilməsi mümkün sayılır.
Beynəlxalq layihələr kateqoriyasına ən azı iki xarici ölkədən gənclər təşkilatlarının və beş ölkəni təmsil edən gənclərin iştirakı ilə Azərbaycanda həyata keçirilən, həmçinin Azərbaycan gənclərinin iştirakı ilə xarici ölkələrdə icrası nəzərdə tutulan fəaliyyətlər daxildir.
Fondun elanında qeyd olunur ki, digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya artıq başa çatmış layihələr əlavə və ya təkrar maliyyələşdirilməyəcək. Həmçinin siyasi, xeyriyyə, kommersiya və dini məzmunlu layihələr, yanlış və ya natamam məlumatlarla təqdim edilən müraciətlər, əvvəlki müsabiqələrdə maliyyələşdirilmiş layihələrin tam və ya qismən təkrarı olan təkliflər qəbul edilməyəcək.
Layihələrin qiymətləndirilməsi zamanı onların mövzuya uyğunluğu, innovativ yanaşması, geniş gənc auditoriyanı əhatə etməsi və ictimai faydalılıq potensialı əsas meyarlar sırasında olacaq. Sosial baxımdan həssas kateqoriyalara aid olan, regionlarda yaşayan, ictimai fəal və könüllü gənclərin iştirakını nəzərdə tutan layihələrə üstünlük veriləcək.
Layihə təkliflərinin qəbulu üçün son tarix 22 iyun 2026-cı il saat 18:00 müəyyən edilib. Layihələrin icrasına isə 15 avqust 2026-cı il tarixindən başlanması tövsiyə olunur.