Neymarın zədəsi Braziliyanı narahat etdi

Braziliya millisinin DÇ-2026 heyətinə daxil edilən Neymar baldır nahiyəsindən zədə alıb. Futbolçunun mayın 27-də müayinədən keçəcəyi və Ançelottinin bundan sonra qərar verəcəyi bildirilir.

43

Braziliya millisinin DÇ-2026 heyətinə daxil edilən Neymar zədə problemi ilə üzləşib. “Santos”un hücumçusunda baldır nahiyəsində yüngül şişkinlik — ödem aşkarlanıb. Zədə ciddi hesab edilmir və klubun tibbi heyəti Neymarın gələn həftə Braziliya millisinin düşərgəsinə qoşula biləcəyini gözləyir.

Məlumatı “Reuters”-ə istinadən təqdim edirik.

Bununla belə, Braziliya mediası futbolçunun vəziyyətinin milli komandada narahatlıq yaratdığını yazır. CNN Brasil”in məlumatına görə, Neymarın sağ baldırındakı ödem Braziliya Futbol Konfederasiyasında diqqətlə izlənilir və əsas məqsəd onun mundiala qədər tam bərpasını təmin etməkdir.

Neymarın DÇ-2026 öncəsi “Santos”da daha oyun keçirməyəcəyi gözlənilir. Braziliya mətbuatı yazır ki, futbolçu zədənin ağırlaşmaması üçün qorunacaq və yaxın günlərdə tibbi nəzarətdə olacaq. Bu durum onun Braziliyanın Panama ilə yoxlama oyununda iştirakını da sual altına salıb.

Braziliya millisi DÇ-2026-dan əvvəl Panama və Misirlə yoldaşlıq oyunları keçirməlidir. Neymarın Panama ilə matçda oynaması ehtimalı azalıb, lakin onun mundial düşərgəsinə qoşulacağı gözlənilir. Braziliya turnirdə ilk oyununu iyunun 13-də Mərakeşə qarşı keçirəcək.

Məlumata görə, Neymar mayın 27-də əlavə tibbi müayinədən keçəcək. Bundan sonra Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti onun heyətdə saxlanılıb-saxlanılmaması ilə bağlı yekun qərar verəcək. Hazırda futbolçunun DÇ-2026-dan kənarda qalacağı rəsmən təsdiqlənməyib.