Kompani Bundesliqa kubokunu mətbəxdə unutdu

“Bavariya”nın baş məşqçisi Vensan Kompani Bundesliqa çempionluğu bayramına gedərkən “Meisterschale” kubokunu evdə, mətbəxdə unudub.

36

“Bavariya”nın baş məşqçisi Vensan Kompani Bundesliqa çempionluğu münasibətilə Münhenin mərkəzi meydanı Marienplatsda keçirilən bayrama gələrkən maraqlı hadisə ilə üzləşib. Belçikalı mütəxəssis Almaniya çempionlarına təqdim olunan məşhur “Meisterschale” kubokunu evdə, mətbəxdə unutduğunu yalnız mərasimə çatanda xatırlayıb.

MSNews.az xəbəri “Goal” nəşrinə istinadən yayıb.

Kompani hadisəni zarafatla izah edərək bildirib ki, komanda artıq tədbir yerində olarkən kubokun harada olduğu məlum olmayıb. Bundan sonra o, kubokun əvvəlki gecə ona verildiyini və səhəri gün mərasimə gətirməli olduğunu xatırlayıb. Məşqçinin sözlərinə görə, “Meisterschale” həmin vaxt onun evində, mətbəxdə qalmışdı.

Vəziyyəti Kompaninin həyat yoldaşı Karla Hiqqs xilas edib. O, kuboku şəhər mərkəzinə çatdırsa da, bəzi mənbələrin məlumatına görə, onu komandanın olduğu hissəyə buraxmayıblar. Bundan sonra kubok təhlükəsizlik əməkdaşları və polis tərəfindən binaya daxil edilib.

Hadisə “Bavariya”nın rəsmi çempionluq bayramı zamanı baş verib. Komanda Münhen meriyasında qəbul edilib, daha sonra isə Marienplatsda toplaşan minlərlə azarkeş qarşısında kuboku nümayiş etdirib. Kubok Herbert Haynerin çıxışı zamanı binaya çatdırılıb və mərasim planlaşdırıldığı kimi davam edib.