İlham Əliyev Mavriki Prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Mavriki Prezidenti Daramber Qoxul ilə görüşüb. Tərəflər ASAN xidmət təcrübəsi, təhsil təqaüdləri, iqtisadiyyat, enerji və turizm sahələrində əməkdaşlığı müzakirə ediblər.

45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Mavriki Respublikasının Prezidenti Daramber Qoxul ilə görüşüb. Görüş Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası — WUF13 çərçivəsində baş tutub. 

Dövlət başçısı Mavriki Prezidentinə WUF13 tədbirində iştirakına görə təşəkkür edib və onun Azərbaycana səfərinin ikitərəfli əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparmaq üçün yaxşı imkan yaratdığını bildirib. Prezident İlham Əliyev Azərbaycan ilə Mavriki arasında siyasi münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edib.

Daramber Qoxul isə tədbirə dəvətə görə Azərbaycan Prezidentinə təşəkkür edib. O, səfərinin iki ölkə arasında əlaqələrin müxtəlif istiqamətlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.

Mavriki Prezidenti Bakıya səfəri çərçivəsində “ASAN xidmət” mərkəzində olduğunu, burada yaradılan şəraitin onda zəngin təəssürat yaratdığını deyib. Qoxul ölkəsində də bu modelin tətbiqində maraqlı olduqlarını bildirib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ASAN modelinin yaradılması sahəsində müxtəlif dövlətlərlə əməkdaşlıq edir və bu istiqamətdə Mavrikiyə də dəstək verməyə, təcrübəsini bölüşməyə hazırdır.

Görüşdə Mavrikidən olan tələbələrə verilən təhsil təqaüdləri də müzakirə olunub. Daramber Qoxul bu dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edib və gələcəkdə təqaüdlərin sayının artırılması imkanlarına baxılmasını xahiş edib.

Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, qarşılıqlı səfərlər və müxtəlif səviyyələrdə təmasların tərəfdaşlığın genişləndirilməsində rolu barədə fikir mübadiləsi aparıblar. Görüşdə iqtisadiyyat, sərmayələr, enerji, o cümlədən bərpaolunan enerji, turizm və digər sahələrdə əməkdaşlıq perspektivləri də müzakirə olunub.

WUF13 mayın 17-dən 22-dək Bakıda keçirilir. Forumun əsas mövzusu “Dünyanı mənzillə təmin etmək: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar”dır. Tədbir UN-Habitat və Azərbaycan hökuməti tərəfindən birgə təşkil olunur.