Çin üzrə mütəxəssis Pərviz Əliyevin fikrincə, Donald Trampın Pekinə mümkün səfəri təkcə ABŞ-Çin münasibətləri kontekstində deyil, həm də İran böhranı, Hörmüz boğazı və qlobal enerji təhlükəsizliyi fonunda qiymətləndirilməlidir. Çinin neft və qaz idxalının mühüm hissəsinin Fars körfəzi üzərindən keçməsi Pekini regiondakı hərbi-siyasi gərginliyə qarşı həssas edir. Lakin bu, avtomatik olaraq Trampın Si Cinpin qarşısında güclü mövqe ilə çıxış edəcəyi anlamına gəlmir.
Pərviz Əliyev hesab edir ki, ABŞ Hörmüz boğazında hərbi üstünlüyünü qorusa da, Tramp İran üzərində hələ siyasi qələbə qazana bilməyib. Onun sözlərinə görə, “nisbi hərbi uğurlar belə siyasi kapitala çevrilməyibsə, Tramp Pekinə açıq qalib obrazında gedə bilməz”. Bu baxımdan Vaşinqtonun Tehranla sürətli razılaşma əldə etmək istəyi həm Çinlə danışıqlarda üstün mövqe qazanmaq, həm də ABŞ daxilində aralıq seçkilər öncəsi siyasi uğur görüntüsü yaratmaq cəhdi kimi görünür.
ABŞ-Çin gündəliyində əsas mövzulardan biri yenə də ticarət və tariflərdir. Tramp administrasiyası tarifləri Pekinə qarşı təzyiq aləti kimi istifadə etsə də, Çin iqtisadiyyatı bu təzyiqə tam şəkildə tabe olmayıb. İstehsal zəncirlərinin bir hissəsi dəyişsə də, Çin ümumi dayanıqlılığını qoruyub. Əliyevin fikrincə, Tramp artıq yalnız tarif ritorikası ilə kifayətlənə bilməz: “O, Çinlə Amerika istehsalçıları, ixracatçıları və istehlakçıları üçün daha əlverişli şərtlər barədə real danışıqlar aparmalı olduğunu anlayır”.
İkinci mühüm məsələ nadir torpaq metalları və kritik minerallardır. Bu sahədə Çin hələ də qlobal istehsal və emal zəncirinin əsas oyunçusudur. Elektrikli avtomobillər, batareyalar, müdafiə sənayesi, aviasiya və elektronika üçün vacib olan bu resurslar ABŞ üçün strateji zəif nöqtə olaraq qalır. Pərviz Əliyev qeyd edir ki, “Vaşinqton Çin təchizatının təzyiq vasitəsinə çevrilməyəcəyinə təminat almağa çalışacaq, əks halda ABŞ-da sənayenin dirçəlişi barədə bütün ritorika məhdud resurs bazasına ilişib qalacaq”.
Tramp və Si Cinpinin danışıqlarında üçüncü əsas blok süni intellekt və texnoloji rəqabət olacaq. Burada mübarizə artıq sadəcə çip və avadanlıq ticarəti ilə bağlı deyil; söhbət gələcək iqtisadi liderlikdən gedir. ABŞ hesablama gücü, proqram təminatı, süni intellekt modelləri və texnoloji infrastrukturda üstünlüyünü qorumağa çalışır. Çin isə bu sahədə təcrid olunmamaq və qlobal rəqabətdən kənarda qalmamaq istəyir. Buna görə də Əliyev hesab edir ki, “bu istiqamətdə geniş dostluq razılaşması yox, yalnız məhdud və konkret qaydalar mümkündür”.
Siyasi gündəmdə isə Tayvan məsələsi əsas risk olaraq qalır. Trampın Tibet, Honkonq və uyğurlar mövzusunu Bayden administrasiyası qədər sərt gündəmə gətirməsi ehtimalı az görünür. Lakin Tayvan məsələsindən yayınmaq çətin olacaq. Pekin ABŞ-dan adaya silah satışını dayandırmağı tələb edəcək, Vaşinqton isə bu mövzuda tam geri çəkilsə, Asiyadakı müttəfiqlərinə zəiflik siqnalı verə bilər.
Pərviz Əliyevin qənaətinə görə, Trampın əsas problemi Pekinə “əliboş” getməməkdir. İranla müvəqqəti razılaşma ona diplomatik uğur kimi təqdim edilə bilər. Lakin bu uğurun Si Cinpin üzərində nə qədər təsirli olacağı sual altındadır. “Si Cinpin amerikalı seçici deyil. Ağ Evin İranın qələbəsi və ya məhvi ilə bağlı adi ritorikasından təsirlənəcəyi ehtimalı azdır”, — deyə ekspert vurğulayır.
Beləliklə, Trampın Pekin səfəri öncəsi əsas məsələ onun İran kartını nə dərəcədə real diplomatik üstünlüyə çevirə bilməsidir. ABŞ prezidenti Hörmüz boğazı, tariflər, nadir metallar və süni intellekt mövzularını eyni masaya gətirməyə çalışacaq. Amma qarşısında emosional ritorikadan çox strateji balansla hərəkət edən Çin rəhbərliyi dayanır.
TƏHLİL | Pərviz ƏLİYEV