İlham Əliyev “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərində olub

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva Bakı Ekspo Mərkəzində keçirilən “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.

1

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı Ekspo Mərkəzində keçirilən 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu – “Caspian Agro Week”31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi – “InterFood Azerbaijan” ilə tanış olublar. Məlumatı AZƏRTAC yayıb.

Sərgilər mayın 5-də Bakı Ekspo Mərkəzində açılıb və mayın 8-dək davam edəcək. Tədbir çərçivəsində “Caspian Agro Week” və “InterFood Azerbaijan”la yanaşı, “Horeca Caspian” – 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi də təşkil olunur.

Bu ildən etibarən daha əvvəl “Caspian Agro” adı ilə tanınan sərgi yeni konsepsiya ilə “Caspian Agro Week” formatında keçirilir. Yenilənmiş format yalnız məhsul və texnologiyaların nümayişini deyil, həm də aqrar sektor üzrə forumları, panel müzakirələrini, işgüzar görüşləri və ixtisaslaşmış təsərrüfatlara səfərləri əhatə edir.

Sərgilər kənd təsərrüfatı, qida sənayesi, aqrotexnologiyalar, innovasiya, logistika, suvarma sistemləri, heyvandarlıq, bitkiçilik, qablaşdırma və elektron kənd təsərrüfatı kimi sahələr üzrə yerli və xarici şirkətləri, investorları, fermerləri və sahə mütəxəssislərini bir araya gətirir. Tədbirlər həmçinin “Made in Azerbaijan” brendinin təşviqi və yerli istehsal məhsullarının beynəlxalq bazarlara çıxarılması baxımından mühüm platforma kimi qiymətləndirilir.