Mali ordusu və Rusiyanın Müdafiə Nazirliyi ilə əlaqəli “Afrika korpusu” ölkənin şimalındakı strateji Tessalit hərbi düşərgəsini tərk edib. AFP-yə istinadən yayılan məlumatlara görə, Tuareq separatçıları və silahlı qruplar Əlcəzair sərhədinə yaxın yerləşən bu mühüm bazaya nəzarəti ələ keçiriblər. FLA rəsmisi Tessalitdəki qüvvələrin “Kidalda olduğu kimi təslim olduğunu” bildirib, Qao şəhərindəki təhlükəsizlik mənbəsi isə bazanın ələ keçirilməsi zamanı toqquşma baş vermədiyini, nizami qoşunların üsyançılar əraziyə daxil olmadan əvvəl oranı tərk etdiyini deyib.
Tessalit bazası Malinin şimalında hərbi-logistik baxımdan ən mühüm məntəqələrdən biri sayılır. Baza Əlcəzair sərhədinə yaxın yerləşir, yaxşı vəziyyətdə olan uçuş-enmə zolağına malikdir və helikopterlər, həmçinin iri hərbi təyyarələr üçün istifadə oluna bilir. AFP-yə danışan hərbi mənbə Tessalitin Fransa dövründən qalan ən qədim bazalardan biri olduğunu və Sahara üzərində geniş nəzarət imkanı verdiyini bildirib.
Məlumata görə, Mali ordusu və Rusiya qüvvələri Tessalitdən başqa, bu bazadan təxminən 100 kilometr cənubda yerləşən Aguelhok məntəqəsini də tərk etməyə məcbur olub. Bu barədə yerli seçilmiş məmur və FLA nümayəndəsi AFP-yə məlumat verib. Tessalitdəki geri çəkilmə son günlərdə Mali xuntasına qarşı genişmiqyaslı hücumlar fonunda baş verib.
“Reuters”-in məlumatına görə, aprelin 25-də “Əl-Qaidə” ilə əlaqəli “Camaat Nusrat əl-İslam vəl-Muslimin” — JNIM və Tuareq əsaslı “Azavadın Azadlığı Cəbhəsi” — FLA Mali boyunca koordinasiyalı hücumlara başlayıb. Hücumlar nəticəsində Kidal şəhəri ələ keçirilib, Malinin müdafiə naziri Sadio Camara öldürülüb, daha sonra isə FLA Tessalitə nəzarəti götürüb. “Reuters” tərəfindən yoxlanılmış videoda silahlıların Tessalitdə FLA bayrağını qaldırdığı görünür.
Rusiya tərəfi daha əvvəl Kidal şəhərindən geri çəkilməni təsdiqləyib. “Afrika korpusu”nun “Telegram” bəyanatında Kidalda yerləşən bölmələrin Mali rəhbərliyi ilə birgə qərar əsasında şəhəri tərk etdiyi, yaralı hərbçilərin və ağır texnikanın əvvəlcə təxliyə olunduğu qeyd edilib. “Afrika korpusu” Rusiyanın Müdafiə Nazirliyinin nəzarətində olan paramilitar struktur kimi təqdim olunur.
ACLED-in Qərbi Afrika üzrə baş analitiki Heni Nsaybiya Malidə baş verənləri xunta və onun rusiyalı tərəfdaşları üçün ciddi strateji geriləmə kimi qiymətləndirib. Onun sözlərinə görə, Kidalın JNIM və FLA tərəfindən geri alınması, Ber və Tessit kimi digər məntəqələrdən çəkilmələrlə birlikdə Mali silahlı qüvvələrinin sıralarında qismən çökmə əlamətlərinə işarə edir. Nsaybiya qeyd edir ki, bu hücumlar Bamako rejiminin mövqeyini ciddi şəkildə zəiflədib və Rusiyanın Malidəki hərbi mövcudluğunun gələcəyini də sual altına qoyub.
Son hadisələr Rusiyanın Afrikada özünü “təhlükəsizlik təminatçısı” kimi təqdim etməsinə zərbə vurub. Mali xuntası 2020 və 2021-ci illərdəki çevrilişlərdən sonra Fransa və BMT qüvvələrini ölkədən çıxarıb, təhlükəsizlik sahəsində əsas dayaqlardan biri kimi Rusiyaya yaxınlaşıb. Lakin Kidal və Tessalit kimi strateji məntəqələrdən geri çəkilmə Moskvanın Sahel bölgəsindəki nüfuzuna və təhlükəsizlik tərəfdaşı kimi imicinə ciddi təzyiq yaradır.
Ekspertlərin fikrincə, Mali və Rusiya qüvvələri yaxın mərhələdə paytaxt Bamako və cənubdakı əsas hökumət mərkəzlərinin müdafiəsinə daha çox fokuslana bilər. “The Guardian”a danışan Sahel üzrə ekspert Ulf Laessing rusiyalı qüvvələrin qısa müddətdə taktikanı dəyişərək şimalı üsyançılara buraxıb rejimin müdafiəsinə üstünlük verə biləcəyini bildirib.