İsrailin taxıl idxalçısı “Zenziper Grains and Feedstuffs Importers Ltd.” Rusiyaya bağlı tədarükçüdən gətirilən və “Panormitis” gəmisi ilə daşınan təxminən 25 min tonluq taxıl yükünü qəbul etməyib.
“Kyiv Independent”in məlumatına görə, qərar İsrail Taxıl İdxalçıları Assosiasiyasının mövqeyindən sonra verilib və gəmi Hayfa körfəzini tərk edərək yük üçün alternativ istiqamət axtarmağa başlayıb.
Məsələ Ukraynanın yükün Rusiya tərəfindən işğal olunmuş ərazilərdən çıxarılan taxıl ola biləcəyi ilə bağlı iddialarından sonra diplomatik qalmaqala çevrilib. “Reuters” yazır ki, Kiyev İsraildən “Panormitis” gəmisinin və yükünün müsadirə edilməsini, sənədlərin yoxlanılmasını, taxıldan nümunələr götürülməsini və heyət üzvlərinin dindirilməsini rəsmi şəkildə istəyib.
Ukrayna tərəfinin məlumatına görə, gəmidəki yükün bir hissəsi Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərindən daşınıb. “Kyiv Independent” yazır ki, Panama bayrağı altında üzən gəmidə təxminən 6200 ton buğda və 19 min ton arpa olub. Ukrayna xarici işlər naziri Andriy Sibiha yükün İsraildə boşaldılmayacağını “xoş inkişaf” adlandırıb və bunu “oğurlanmış Ukrayna taxılını almaq olmaz” mesajı kimi qiymətləndirib.
Gəminin Yunanıstanda yerləşən idarəedici şirkəti “Royal Maritime Inc.” isə ittihamları rədd edir. Şirkət rəsmisi “Reuters”-ə bildirib ki, mövcud hüquqi sənədlərə və mənşə sertifikatına əsasən, yük Ukrayna deyil, Rusiya mənşəlidir. İsrail tərəfi də daha əvvəl Kiyevin iddialarını sübut edən yetərli dəlil təqdim etmədiyini bildirmişdi.
Qalmaqal Ukrayna–İsrail münasibətlərində əlavə gərginlik yaradıb. Kiyev daha əvvəl də İsraili işğal olunmuş ərazilərdən çıxarıldığını iddia etdiyi taxıl yüklərinə qarşı lazımi tədbir görməməkdə tənqid etmişdi. “Reuters”-in məlumatına görə, Ukrayna yanvar–aprel aylarında işğal olunmuş ərazilərdən üçüncü ölkələrə 850 min tondan çox taxılın daşındığını iddia edir; agentlik bu rəqəmləri müstəqil şəkildə təsdiqləyə bilmədiyini vurğulayıb.