Assimi Qoita: “Mali parçalanma ssenarisinə təslim olmayacaq”

Mali lideri Assimi Qoita son koordinasiyalı hücumlardan sonra vəziyyətin nəzarət altında olduğunu bildirib və silahlı qrupların zərərsizləşdiriləcəyini vəd edib.

15

Malidə son günlər baş verən koordinasiyalı hücumlardan sonra ölkənin keçid dövrü lideri Assimi Qoita ilk açıq çıxışlarından birində vəziyyətin nəzarət altında olduğunu bildirib. O, hücumları “son dərəcə ağır” hadisələr kimi qiymətləndirib və silahlı qrupların tam zərərsizləşdiriləcəyini vəd edib.

“Reuters”-in məlumatına görə, hücumlar “Əl-Qaidə” ilə əlaqəli JNIM və tuareq separatçı “Azavadın Azadlığı Cəbhəsi”nin iştirakı ilə həyata keçirilib.

Qoita cəmiyyətə panikaya qapılmamaq və ölkəni daxildən parçalaya biləcək təxribatlara uymamaq çağırışı edib. Onun mesajı yalnız hərbi cavabdan ibarət olmayıb; keçid lideri milli birliyin qorunmasını, dövlət institutlarının fəaliyyətinin davam etməsini və Mali ordusunun mövqelərinin saxlanılmasını əsas prioritet kimi təqdim edib.

Son hücumlar Bamako ətrafı, Kati hərbi şəhərciyi, hava limanı zonası, Kidal, Sevare və digər bölgələri əhatə edib. Rusiya bu hücumları çevriliş cəhdi kimi qiymətləndirib, Qoita isə hadisələrdən sonra Rusiyanın Bamakodakı səfiri İqor Qromıko ilə görüşərək Moskva ilə təhlükəsizlik əməkdaşlığının davam etdiyini nümayiş etdirib.

Malidə vəziyyətin gərginliyi xüsusilə Kidal istiqamətində yaşanan hadisələrlə daha da artıb. Hücumlar nəticəsində Rusiya ilə əlaqəli qüvvələr strateji Kidal şəhərindən çıxarılıb, bu isə Mali hakimiyyəti üçün ciddi təhlükəsizlik və siyasi zərbə kimi qiymətləndirilir.

Qoitanın “parçalanma ssenarisinə” qarşı çağırışı Mali üçün həssas mərhələdə səslənir. Ölkə 2012-ci ildən bəri separatçı üsyanlar, cihadçı qruplaşmaların fəaliyyəti və ardıcıl siyasi böhranlarla üz-üzədir. “Al Jazeera”-nın təhlilinə görə, son hücumlar Mali təhlükəsizlik böhranının dərinləşdiyini və silahlı qrupların artıq eyni vaxtda müxtəlif strateji hədəflərə zərbə endirə bildiyini göstərir.

Ekspertlər hesab edirlər ki, bu hücumlar yalnız hərbi təhlükə deyil, həm də keçid hökumətinin legitimliyi üçün ciddi sınaqdır. “Stratfor”-un təhlilinə görə, JNIM-in son əməliyyatları xuntanın təhlükəsizliyi bərpa etmək vədi üzərində təzyiqi artırır və ölkədə yeni siyasi qeyri-müəyyənlik riski yaradır.

Hazırda Mali hakimiyyəti ordunun vəziyyətə nəzarət etdiyini bildirsə də, hücumların miqyası ölkədə təhlükəsizlik arxitekturasının zəifliyini üzə çıxarıb. Qoitanın əsas mesajı isə bundan ibarətdir: Bamako silahlı qrupların təzyiqi qarşısında geri çəkilməyəcək və Mali dövlətinin parçalanmasına yönələn ssenarilərə imkan verməyəcək.