Malidə Kidal itirildi, Menaka ilə bağlı iddialar yayılıb

Malidə JNIM və FLA-nın koordinasiyalı hücumları nəticəsində Kidal nəzarətdən çıxıb, Rusiyanın “Afrika Korpusu” qüvvələri geri çəkilib. Menaka şəhərinin taleyi ilə bağlı iddialar isə hələ rəsmi təsdiqini tapmayıb.

15

Malidə “Əl-Qaidə” ilə əlaqəli JNIM və Tuareq əsaslı “Azavadın Azadlığı Cəbhəsi”nin — FLA-nın koordinasiyalı hücumları ölkədə təhlükəsizlik böhranını daha da dərinləşdirib.

Hücumlar paytaxt Bamako ətrafı, Kati hərbi şəhərciyi, Bamako hava limanı, Qao, Kidal, Mopti və Sevare kimi strateji məntəqələri əhatə edib. Reuters yazır ki, bu əməliyyatlar həm miqyasına, həm də hədəflərinə görə Mali hərbi hakimiyyətinin son illərdə üzləşdiyi ən ciddi hücumlardan biri hesab olunur.

Ən ciddi zərbələrdən biri Kidalda qeydə alınıb. FLA Kidalın nəzarətə götürüldüyünü elan edib, Rusiya Müdafiə Nazirliyi ilə əlaqəli “Afrika Korpusu” qüvvələri isə şəhərdən geri çəkilib. “Reuters” də FLA bayrağının Kidalda qaldırıldığını və təxminən 200 rusiyalı hərbçinin şəhəri tərk etdiyini yazıb.

Sosial şəbəkələrdə və yerli mənbələrdə Menaka şəhərinin də silahlı qruplaşmaların nəzarətinə keçdiyi, Mali ordusu və “Afrika Korpusu” qüvvələrinin şəhər kənarındakı bazaya çəkildiyi iddia olunur. Lakin bu məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Bamako-Senu beynəlxalq hava limanı ətrafında da vəziyyət gərgin olaraq qalır. Hücumların paytaxt hava limanını da hədəf aldığını bildirilir. Paytaxt ətrafında həyata keçirilən hücumlar JNIM-in artıq “təhlükəsiz” sayılan mərkəzi bölgələrə də zərbə endirə bildiyini göstərib.

Hücumlar Rusiya ilə təhlükəsizlik əməkdaşlığının effektivliyi ilə bağlı sualları da artırıb. Mali 2020-ci ildən sonra Qərb tərəfdaşlarından uzaqlaşaraq təhlükəsizlik sahəsində əsasən Moskvaya arxalanmağa başlayıb. Lakin Kidalın itirilməsi və rusiyalı qüvvələrin geri çəkilməsi bu dəstəyin hökumətin nəzarəti bərpa etməsi üçün yetərli olmadığını göstərən ciddi siqnal kimi qiymətləndirilir.

Mali hakimiyyəti vəziyyətin nəzarətdə olduğunu bildirsə də, ekspertlər ölkənin parçalanma riski ilə üz-üzə qaldığını xəbərdar edirlər. “Reuters”-in təhlilinə görə, JNIM və FLA-nın bu dəfə açıq şəkildə koordinasiyalı hərəkət etməsi 2012-ci ildən bəri Malidə ən təhlükəli hərbi-siyasi mərhələlərdən birini yaradıb

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
28 aprel 2026