Rusiya öz neftinin Qazaxıstandakı “Kondensat” neft emalı zavodunda emal edilməsi və istehsal olunan yanacağın böyük hissəsinin yenidən Rusiya bazarına göndərilməsi barədə Qazaxıstanla razılığa gəlib.
MSNews.az xəbər verir ki, Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov avqustun 25-də jurnalistlərə bildirib ki, Rusiya Energetika Nazirliyi zavodun Rusiya nefti ilə yüklənməsi üçün Astanaya rəsmi müraciət edib. Onun sözlərinə görə, razılaşmaya əsasən istehsal olunacaq benzin və dizelin 30%-dək hissəsi Qazaxıstanda qalacaq, təxminən 70%-i isə Rusiyaya göndəriləcək. Bu barədə “Interfax-Kazakhstan” məlumat yayıb.
Qazaxıstan Energetika Nazirliyi daha sonra “Kondensat”ın Rusiyaya artıq kiçik həcmdə Aİ-92 markalı benzin göndərməyə başladığını açıqlayıb. Nazirlik tədarükün həcmi, müddəti, kommersiya şərtləri və konkret istiqamətlərinin şirkət tərəfindən müəyyənləşdirildiyini bildirib. “Kommersant” həmin məlumatı Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidmətinə istinadən yayıb.
“Kondensat” Qərbi Qazaxıstan vilayətinin Aksay şəhərində, Karaçaqanak yatağı yaxınlığında yerləşir. Müəssisənin illik emal gücü təxminən 850 min ton təşkil edir. Zavodun Rusiya və Qazaxıstanın əsas neft kəmərləri sisteminə birbaşa çıxışı olmadığından xammal və hazır məhsulların daşınmasının əsasən dəmir yolu ilə həyata keçirilməsi nəzərdə tutulur.
Moskva ilə Astana arasında Rusiya neftinin Qazaxıstanda emalı ilə bağlı danışıqların aparıldığı hələ iyulun sonunda məlum olmuşdu. “Reuters” həmin vaxt Qazaxıstan Energetika Nazirliyinə istinadən yazırdı ki, hazır məhsulun bir hissəsinin yerli bazarda saxlanılması, digər hissəsinin isə Rusiyaya qaytarılması nəzərdən keçirilir.
Razılaşma Rusiyada yanacaq bazarında təzyiqlərin artdığı dövrə təsadüf edir. “Reuters” Rusiya neft emalı zavodlarının bir hissəsinin planlaşdırılmamış dayanması və Ukrayna hücumları fonunda Moskvanın yanacaq ixracına məhdudiyyətləri uzatmağı nəzərdən keçirdiyini bildirib. Rusiya eyni zamanda Belarus və Qazaxıstan da daxil olmaqla xarici mənbələrdən yanacaq tədarükünü artırır.