Rusiya səfiri XİN-ə çağırıldı

Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov XİN-ə çağırılıb. Bakı Rusiya informasiya məkanında Azərbaycan, xalq və ölkə rəhbərliyinə qarşı səsləndirilən təhdid və təhqirlərlə bağlı qəti etirazını bildirib.

59

Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və Rusiya media-informasiya məkanında Azərbaycana qarşı son açıqlamalarla bağlı ona qəti etiraz bildirilib.

MSNews.az xəbər verir ki, Azərbaycan XİN görüş zamanı son dövrdə Rusiya informasiya məkanında Azərbaycan, Azərbaycan xalqı və ölkə rəhbərliyinə qarşı təxribatçı, təhqiramiz və təhdid xarakterli bəyanatlardan ciddi narahatlığın Rusiya tərəfinin diqqətinə çatdırıldığını açıqlayıb.

Nazirliyin məlumatına görə, xüsusilə avqustun 13-də “Чистота понимания” (“Anlayışın saflığı”) layihəsi çərçivəsində yayımlanan verilişdə səslənən fikirlərə diqqət çəkilib.

Bundan başqa, avqustun 7-də “Sputnik” radiosunun efirində Azərbaycan rəhbərliyinin Rusiyanın “terrorçu və ekstremistlər siyahısına” daxil edilməsinə dair səsləndirilən fikirlər XİN tərəfindən “absurd bəyanatlar” kimi qiymətləndirilib. Avqustun 9-da “YouTube” platformasında və avqustun 16-da “Spas” telekanalında Azərbaycan rəhbərliyi barədə yayımlanan təhqiramiz materiallar və ölkəyə qarşı təxribatçı çıxışlar da səfirin diqqətinə çatdırılıb.

Azərbaycan tərəfi ölkənin daxili siyasi proseslərinə müdaxilə imkanlarının müzakirəsini, Azərbaycan xalqına və dövlət rəhbərliyinə qarşı fiziki zorakılığa çağırışları qəbuledilməz adlandırıb.

XİN bildirib ki, Bakı daha əvvəl də belə hallara son qoyulmasını tələb etsə də, oxşar ritorikanın daha sərt formada davam etməsi ciddi narahatlıq doğurur.

Rusiya tərəfinə Azərbaycan əleyhinə təxribatçı və təhdid xarakterli ritorikanın qarşısının alınması üçün təcili və effektiv tədbirlər görülməsinə dair Bakının gözləntiləri bir daha çatdırılıb.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Baş Prokurorluğu avqustun 13-də yayımlanan “Чистота понимания” verilişində və digər çıxışlarda səsləndirilən fikirlərlə bağlı Rusiya vətəndaşları Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev barəsində cinayət işi çərçivəsində axtarış elan olunduğunu açıqlamışdı.