İsrailin keçmiş baş nazirləri Naftali Bennett və Yair Lapid 2026-cı il parlament seçkilərində vahid siyahı ilə iştirak etmək barədə razılığa gəliblər. “Reuters”-in məlumatına görə, Bennettin “Bennett 2026” partiyası ilə Lapidin “Yesh Atid” partiyası “Together” adlı yeni siyasi blokda birləşəcək və siyahıya Bennett rəhbərlik edəcək.
Yeni blok İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyasına qarşı mərkəzçi alternativ kimi təqdim olunur. Bennett və Lapid daha əvvəl də əməkdaşlıq ediblər: 2021-ci ildə onların iştirakı ilə qurulan koalisiya Netanyahunun 12 illik fasiləsiz hakimiyyətinə son qoymuşdu. Həmin hökumətdə əvvəlcə Bennett baş nazir olmuş, koalisiya dağıldıqdan sonra isə Lapid qısa müddət müvəqqəti baş nazir vəzifəsini icra etmişdi.
“The Jerusalem Post” yazır ki, yeni vahid siyahıda keçmiş baş qərargah rəisi və “Yashar!” hərəkatının lideri Qadi Ayzenkot üçün də yer saxlanılıb. Bu isə müxalifətin Netanyahunun sağçı-dini koalisiyasına qarşı daha geniş blok yaratmaq niyyətində olduğunu göstərir.
İsraildə növbəti parlament seçkiləri 2026-cı ildə keçirilməlidir. “Reuters”-in məlumatına görə, rəy sorğuları Bennettin hazırda Netanyahuya qarşı ən güclü rəqiblərdən biri olduğunu göstərir. Lapidin partiyasının reytinqi əvvəlki illərlə müqayisədə azalsa da, onun Bennettlə birləşməsi müxalifətin parçalanmasını azaltmaq və Netanyahuya qarşı daha güclü seçim yaratmaq məqsədi daşıyır.
Bennett birləşməni “daxili çəkişmələrə son qoyan” addım kimi təqdim edib. Yeni blokun seçki kampaniyasında hərbi xidmətə çağırış islahatı, ultraortodoksların hərbi xidmətdən azad edilməsi məsələsi, təhlükəsizlik siyasəti və Netanyahunun regional böhranları idarəetmə tərzi əsas mövzular sırasında olacaq.