Kolumbiyanın cənub-qərbində yerləşən Kauka departamentində ağır terror aktı baş verib. Partlayış Panamerika şossesinin Kaxibio bələdiyyəsi ərazisində, El-Tunel sektorunda sərnişin avtobusunun hərəkəti zamanı qeydə alınıb.
“Associated Press”-in son məlumatına görə, hadisə nəticəsində 13 nəfər həlak olub, azı 38 nəfər yaralanıb. Yaralılar arasında 5 uşağın da olduğu bildirilir.
İlkin məlumatlara əsasən, hücumda partlayıcı ilə doldurulmuş silindrdən istifadə edilib. Partlayış avtobusla yanaşı, ətrafdakı bir neçə nəqliyyat vasitəsinə də ciddi ziyan vurub və magistral yolda hərəkətin dayanmasına səbəb olub. “El País” Kauka qubernatoru Oktavio Qusmana istinadən ölənlərin sayının azı 14-ə, yaralıların isə 38-ə çatdığını yazıb.
Kolumbiya Silahlı Qüvvələrinin komandanı general Uqo Lopes hücumu “terror aktı” adlandırıb və məsuliyyətin keçmiş FARC qruplaşmasının sülh razılaşmasına qoşulmayan dissident strukturları ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, hücumda “İvan Mordisko” kimi tanınan şəxsin şəbəkəsi və “Xaime Martínes” fraksiyası əsas şübhəli tərəflər sırasındadır.
Kolumbiya Prezidenti Qustavo Petro hadisəni sərt şəkildə pisləyib. O, hücumu törədənləri “terrorçular, faşistlər və narkotik tacirləri” adlandırıb və “Marlon” ləqəbli şəxsin polis və hərbi kəşfiyyat tərəfindən müəyyən edildiyini bildirib. Hökumət “Marlon”un ələ keçirilməsinə kömək edəcək məlumat üçün 1 milyon dollardan çox mükafat təyin edib.
Hadisə Kolumbiyanın cənub-qərbində son günlər müşahidə olunan zorakılıq dalğasının ən ağır epizodlarından biri kimi qiymətləndirilir. Son iki gün ərzində regionda azı 26 insident qeydə alınıb; bunlara polis məntəqəsinə silahlı hücum, mülki aviasiya radar obyektinə dronlarla hücum cəhdi, Kali və Palmira şəhərlərində hərbi obyektlər yaxınlığında partlayıcı yüklənmiş avtomobillərin partladılması daxildir.
Kauka və Valle-del-Kauka bölgələri narkotik qaçaqmalçılığı ilə əlaqəli qanunsuz silahlı qrupların mübarizə apardığı strateji ərazilər hesab olunur. Bu regionlar Buenaventura limanına çıxış marşrutları baxımından mühüm əhəmiyyət daşıyır və narkotiklərin Mərkəzi Amerika və Avropaya daşınmasında əsas tranzit zonalarından biri kimi göstərilir.